Özəl bağçaların qiymətləri niyə bu qədər fərqlənir? - AÇIQLANDI

Özəl bağçaların qiymətləri niyə bu qədər fərqlənir? - AÇIQLANDI

Özəl bağçalarla bağlı yeni dövlət–özəl əməkdaşlıq modeli məktəbəqədər təhsil sahəsində mühüm dəyişikliklərə səbəb ola bilər. Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin daha ciddi tənzimlənməsini, eyni zamanda, bu müəssisələrə dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

Bu sözləri SİA-ya təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, yeni layihə çərçivəsində özəl bağçalarda təhsil alan uşaqların təhsil haqqının müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Məsələn, təhsil haqqı 500 manat olan bağçada bu məbləğin 70 faizi, yəni 350 manatı dövlət, 30 faizi – 150 manatı isə valideyn tərəfindən ödənilə bilər. Bununla belə, layihəyə qoşulmaq üçün müəyyən edilmiş qiymət və digər tələblərə əməl olunması əsas şərtlərdən olacaq:

“Prosedura əsasən, layihədə iştirak etmək istəyən özəl bağçalar Elm və Təhsil Nazirliyinə müraciət etməli və müəyyən edilmiş qaydaları qəbul etdiklərini bəyan etməlidirlər. Tələblərə cavab verən bağçaların siyahısı müəyyənləşdirildikdən sonra onların adlarının Nazirliyin müvafiq platformasında və ya rəsmi resurslarında elan olunması gözlənilir. Bundan sonra valideynlər həmin siyahıdan öz övladları üçün bağça seçmək imkanına malik olacaqlar.

Bu mexanizmin özəl bağçalar arasında rəqabəti də artıracağı gözlənilir. Çünki dövlət dəstəyindən yararlanmaq istəyən müəssisələr həm təhsil haqqı, həm də xidmət və təhsil standartları baxımından müəyyən tələblərə cavab verməli olacaqlar. Təhsil haqqını daha yüksək müəyyən edən bağçalar isə layihəyə qoşulmaq və valideynlər üçün daha cəlbedici olmaq məqsədilə qiymət siyasətlərinə yenidən baxmağa məcbur qala bilərlər.

Nəticədə valideynlər üçün daha geniş seçim imkanlarının yaranması və məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsi gözlənilir. Əgər əvvəllər valideyn özəl bağçaya yüksək məbləğ ödəmək məcburiyyətində qalırdısa, yeni mexanizm çərçivəsində dövlət tərəfindən müəyyən edilmiş dəstək valideynin maliyyə yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Bu baxımdan yeni model yalnız özəl bağçalara maliyyə dəstəyi kimi deyil, bütövlükdə məktəbəqədər təhsil sahəsinin inkişafına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Burada əsas qazanan tərəfin isə daha çox valideyn və uşaq olması gözlənilir. Çünki rəqabətin artması özəl bağçaları həm qiymət, həm də göstərdikləri xidmətin keyfiyyəti baxımından daha yaxşı şərtlər təqdim etməyə sövq edə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə