Tələbələr əmək bazarına hazırdırmı? - AÇIQLANDI

Tələbələr əmək bazarına hazırdırmı? - AÇIQLANDI

Bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi proseslər gedir və mühüm transformasiya baş verir. Bu isə təhsil sahəsində islahatların sürətləndirilməsini və proseslərin düzgün istiqamətdə aparılmasını zəruri edir.

Bu sözləri SİA-ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu baxımdan təhsil proqramlarının yenilənməsi, şagirdlərdə komanda ilə işləmək bacarığının formalaşdırılması və müəllim heyətinin müasir tələblərə uyğun hazırlanması olduqca vacibdir. Proqramlardakı mövcud boşluqların aradan qaldırılması istiqamətində müəyyən işlər görülsə də, qarşıda hələ görüləsi çox iş var. Bu səbəbdən hazırkı vəziyyəti tam səmərəli və effektiv hesab etmək mümkün deyil:

“Bu gün ixtisas seçimi, karyera yönümlülüyü və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində müəyyən addımlar atılır. Lakin dəyişən əmək bazarının tələbləri nəzərə alınaraq daha sistemli və genişmiqyaslı işlərin görülməsinə ehtiyac var.

Peşələrin transformasiyası da artıq qaçılmaz prosesə çevrilib. Bəzi mövcud peşələr zamanla öz aktuallığını itirə, yeni ixtisas və peşələr isə meydana çıxa bilər. Bu baxımdan təhsil sisteminin qarşıdakı dəyişikliklərə əvvəlcədən hazır olması və kadr hazırlığının əmək bazarının gələcək tələblərinə uyğun qurulması mühüm əhəmiyyət daşıyır.

Əmək bazarı üçün kadr hazırlığı məsələsinə gəldikdə isə əsas məqsəd yalnız nəzəri biliklərin verilməsi olmamalıdır. Burada əsas hədəf tələbələrin praktiki bilik və bacarıqlar əldə etməsidir. Bunun üçün universitetlərlə əmək bazarı, işəgötürənlər və müxtəlif müəssisələr arasında daha sıx əməkdaşlığın qurulması vacibdir.

Düşünürəm ki, kadr hazırlığı daha çox praktika üzərində qurulmalıdır. Tələbələrin real iş mühiti ilə tanış olması, praktiki bacarıqlar əldə etməsi və əmək bazarının tələblərini yerində öyrənməsi gələcəkdə onların peşəkar fəaliyyətinə mühüm töhfə verə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə