Süni intellekt şagirdlərin təhsilinə necə təsir edir? - Ekspert açıqladı

Süni intellekt şagirdlərin təhsilinə necə təsir edir? - Ekspert açıqladı

Yeni tədris ilinin yaxınlaşması ilə süni intellektin təhsildə rolu yenidən gündəmə gəlib. Son illərdə şagirdlər ev tapşırıqlarının hazırlanması, mövzuların öyrənilməsi və araşdırmalar zamanı süni intellekt platformalarından daha çox istifadə edirlər. Bəs bu texnologiyalar təhsil prosesinə necə təsir edir?

Mövzu ilə bağlı SİA-ya təhsil eksperti Elçin Əfəndi danışıb.

Mütəxəssisin sözlərinə görə, süni intellektin təhsildə tətbiqinin həm müsbət, həm də mənfi tərəfləri var. Süni zəka şagirdlərin öyrənmə prosesinə müsbət təsir göstərsə də, müəyyən risklər də yaradır. Bu risklərdən biri təqdim olunan məlumatların hər zaman tam dəqiq və etibarlı olmamasıdır. Bundan əlavə, texnologiyadan həddindən artıq istifadə şagirdlərdə hazır məlumata alışqanlıq yarada, onların müstəqil düşünmə, araşdırma, təhlil və digər vacib bilik və bacarıqları mənimsəməsinə mane ola bilər.

Bununla yanaşı, süni intellekt düzgün və məqsədyönlü istifadə edildiyi halda şagirdlərin bilik və bacarıqlarının formalaşmasına mühüm töhfə verə bilər. Gələcəkdə bu texnologiyaların daha da inkişaf etməsi ilə onların kağız dərslikləri müəyyən dərəcədə əvəz etməsi də mümkündür. Xüsusilə mürəkkəb mövzuların daha sadə və anlaşıqlı şəkildə izah olunması, fərdi öyrənmə imkanlarının yaradılması və dərs materiallarının daha asan mənimsənilməsi baxımından süni intellekt platformaları şagirdlərin təhsilinə müsbət təsir göstərə bilər. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, süni intellekt müəllimi əvəz edən deyil, tədris prosesini dəstəkləyən vasitə kimi istifadə olunmalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə