Süni intellektin təhsildə tətbiqi müasir pedaqogikanın ən çox müzakirə olunan mövzularından biridir. Bu texnologiyanı nə birmənalı şəkildə tam faydalı, nə də tam zərərli hesab etmək olar. Peşəkar pedaqoji və psixoloji baxımdan yanaşdıqda, süni intellektin həm şagirdlər üçün mühüm üstünlükləri, həm də müəyyən riskləri mövcuddur.
Bu sözləri SİA-ya Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Mütəxəssis bildirib ki, süni intellektdən düzgün istifadə olunduğu halda təhsilin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artır.
“Şagirdlərin hər birinin qavrama sürəti və öyrənmə tərzi fərqlidir. Süni intellekt platformaları adaptiv öyrənmə sistemi kimi çıxış edərək hər bir şagirdin zəif tərəflərini müəyyənləşdirə və tədris materialını onun öyrənmə tempinə uyğunlaşdıra bilir. Bu da fərdiləşdirilmiş təhsilin formalaşmasına imkan yaradır.
Eyni zamanda şagirdlər dərsdə tam mənimsəyə bilmədikləri mövzuları istənilən vaxt süni intellekt vasitəsilə yenidən öyrənə bilirlər. İstər riyaziyyat, istər xarici dil, istərsə də digər fənlər üzrə çətin mövzular müxtəlif üsullarla izah olunur. Bu baxımdan süni intellekt 24 saat fəaliyyət göstərən şəxsi tədris köməkçisi rolunu oynayır.
Bundan başqa, müxtəlif simulyasiyalar, vizual təqdimatlar və təhsil oyunları vasitəsilə mürəkkəb mövzular daha sadə və maraqlı şəkildə izah edilir. Şagird buraxdığı səhvlərlə bağlı dərhal geribildirim alır, səhvin səbəbini və düzgün həll yolunu öyrənir. Bu isə öyrənmə prosesinin daha effektiv təşkilinə kömək edir.
Lakin süni intellektin digər tərəfi də var. Nəzarətsiz və həddindən artıq istifadə şagirdlərdə asılılıq yarada bilər. Əgər şagird hər tapşırığın həllini süni intellektə həvalə edirsə, zamanla onun müstəqil düşünmə, təhlil aparma və problem həll etmə bacarıqları zəifləyir. Bu, tənqidi təfəkkürün və yaradıcılığın inkişafına mənfi təsir göstərir.
Digər mühüm problem akademik dürüstlüklə bağlıdır. Ev tapşırıqlarının, layihələrin və yazılı işlərin süni intellekt tərəfindən hazırlanması müəllimlərin şagirdin real bilik səviyyəsini obyektiv qiymətləndirməsini çətinləşdirir.
Təhsil yalnız informasiya əldə etmək prosesi deyil, həm də sosiallaşma mühitidir. Müəllim və sinif yoldaşları ilə canlı ünsiyyətin azalması şagirdlərin empatiya, ünsiyyət və əməkdaşlıq bacarıqlarının zəifləməsinə səbəb ola bilər. Bu isə sosial və emosional inkişaf baxımından müəyyən problemlər yaradır.
Bundan əlavə, süni intellekt təqdim etdiyi məlumatlarda bəzən yanlışlıqlara yol verə bilir. Şagirdlərin isə bu məlumatların düzgünlüyünü qiymətləndirmək üçün kifayət qədər təcrübəsi olmaya bilər. Buna görə də məktəblərdə süni intellektdən etik və məsuliyyətli istifadə qaydalarının öyrədilməsi xüsusi əhəmiyyət daşıyır.
Süni intellekt özü-özlüyündə nə yaxşı, nə də pisdir. O, sadəcə bir alətdir. Onun faydalı və ya zərərli olması istifadə formasından asılıdır. Əgər süni intellekt şagirdin yerinə düşünən vasitəyə çevrilərsə, bu, gələcək nəsillərin intellektual inkişafına mənfi təsir göstərə bilər. Əksinə, o, şagirdin düşüncəsini inkişaf etdirən köməkçi və istiqamətləndirici vasitə kimi istifadə olunarsa, təhsildə mühüm nailiyyətlər əldə etmək mümkündür.
Bu yaxınlarda rəhbərlik etdiyim layihə çərçivəsində professor Leonard Butlerin proqramlaşdırma alqoritmləri və inklüziv süni intellekt yanaşmaları ilə bağlı əsərini Azərbaycan təhsil ictimaiyyətinin istifadəsinə təqdim etmişik. Həmin kitabda bu məsələlər geniş elmi və akademik aspektdən təhlil olunur.
Rəqəmsallaşma və süni intellekt artıq qaçılmaz reallıqdır. Müasir təhsil sistemində bu texnologiyaların istifadəsini qadağan etmək mümkün deyil. Əsas məsələ şagirdlərə ondan etik, məsuliyyətli və səmərəli istifadə etməyi öyrətməkdir.
Eyni zamanda müəllimlər də qiymətləndirmə üsullarını müasir dövrün tələblərinə uyğunlaşdırmalıdırlar. Tapşırıqlar elə qurulmalıdır ki, şagird hazır cavabı təqdim etmək əvəzinə, süni intellektin verdiyi məlumatı təhlil etməyi, müqayisə etməyi və inkişaf etdirməyi bacarsın.
Həm müəllimlər, həm şagirdlər, həm tələbələr, həm də bütövlükdə cəmiyyət süni intellektdən düzgün istifadə etməyi öyrənməlidir. Bu texnologiyanı nə qədər düzgün istiqamətləndirə bilsək, bir o qədər böyük fayda əldə edəcəyik. Əks halda, yanlış və məsuliyyətsiz istifadə gələcəkdə ciddi problemlərə səbəb ola bilər.”
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB