Universitet seçərkən reytinq vacibdir, yoxsa ixtisas? - AÇIQLANDI

Universitet seçərkən reytinq vacibdir, yoxsa ixtisas? - AÇIQLANDI

Universitet seçərkən həm ali təhsil müəssisəsinin nüfuzu, həm də ixtisas seçimi mühüm rol oynayır. Lakin mən hesab edirəm ki, prioritet məhz ixtisas olmalıdır. Bu, universitetin əhəmiyyətini azaltmır. Əksinə, nüfuzlu universitetdə təhsil almaq hər zaman üstünlükdür. Sadəcə, seçim edərkən hər iki amil arasında düzgün balans qorunmalıdır.

Bu sözləri SİA-ya fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və
Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O bildirib ki, son illərdə universitetlərin beynəlxalq reytinq cədvəllərinə maraq artsa da, bu reytinqlərə münasibət birmənalı deyil:

“Bəzi reytinq təşkilatlarının fəaliyyətinə dair suallar mövcuddur və onların qiymətləndirmə meyarları zaman-zaman tənqid olunur. Hətta dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən bəziləri müəyyən beynəlxalq reytinqlərdə iştirak etməməyi seçiblər. Buna görə də abituriyentlər yalnız ümumi reytinqə əsaslanaraq qərar verməməlidirlər.

Digər mühüm məqam isə odur ki, bütün universitetlər bütün sahələr üzrə eyni dərəcədə güclü olmur. Elə ali məktəblər var ki, tibb və səhiyyə istiqamətində ön sıralardadır, digərləri isə mühəndislik, informasiya texnologiyaları, incəsənət və ya humanitar elmlər üzrə daha yüksək nüfuza malikdir. Bu səbəbdən universiteti deyil, ilk növbədə seçilən ixtisasın həmin universitetdə hansı səviyyədə tədris olunduğunu araşdırmaq lazımdır.

Mən hesab edirəm ki, tanınmış universitetdə maraq göstərmədiyiniz və ya gələcəyinizi görmədiyiniz bir ixtisası oxumaqdansa, bir qədər aşağı reytinqli, lakin seçdiyiniz sahə üzrə daha güclü təhsil verən universiteti seçmək daha məqsədəuyğundur. Çünki ixtisas insanın gələcək peşəsini, gündəlik fəaliyyətini və peşəkar kimliyini müəyyənləşdirir.

Xüsusilə texnologiya, süni intellekt, mühəndislik və tibb kimi sahələrdə nəzəri biliklə yanaşı, praktik hazırlıq böyük əhəmiyyət daşıyır. Maraq dairəsinə uyğun olmayan ixtisas isə ən nüfuzlu universitetdə belə uğurlu karyera vəd etmir.

Bununla yanaşı, universitetin nüfuzu da müəyyən üstünlüklər yaradır. Yüksək reytinqli ali məktəblər adətən güclü professor-müəllim heyətinə, zəngin akademik resurslara, müasir laboratoriyalara, geniş kitabxanalara və beynəlxalq əməkdaşlıq imkanlarına malik olur. Belə universitetlərdə formalaşan tələbə mühiti, şəbəkələşmə imkanları və işəgötürənlərlə əlaqələr məzunların əmək bazarında rəqabət qabiliyyətini artırır.

Lakin seçim zamanı ümumi universitet reytinqi ilə yanaşı, sahəvi reytinqlərə də diqqət yetirmək vacibdir. Ola bilər ki, universitet ümumi siyahıda yüksək pillədə olmasın, amma konkret ixtisas üzrə dünyanın aparıcı ali təhsil müəssisələri sırasında yer alsın.

Bundan əlavə, universitetin sənaye tərəfdaşları, istehsalat təcrübəsi proqramları, təcrübə və staj imkanları da mütləq araşdırılmalıdır. Çünki praktik təcrübə bir çox hallarda ümumi reytinqdən daha böyük əhəmiyyət daşıyır.

Sonda isə qeyd etmək istərdim ki, yaxşı hazırlaşan, bacarıqlarını daim inkişaf etdirən və müasir əmək bazarının tələblərini izləyən abituriyent üçün düzgün seçim etmək daha asan olur. Əgər seçim prosesində tərəddüd yaranarsa, bu sahəni yaxşı bilən mütəxəssislərdən, peşəkar təhsil məsləhətçilərindən və müəllimlərdən dəstək almaq faydalı və məqsədəuyğun olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə