Bağçalarda yeni qəbul prosesi və valideynlərin ən çox üzləşdiyi problemlər hansılardır? - AÇIQLANDI
Əsasən, valideynlərin üzləşdiyi problemlər yaxınlıqda bağçaların az olması ilə bağlıdır. Bir çox hallarda yaşayış yerlərinə yaxın uşaq bağçası olmadığından övladlarını yerləşdirə bilmirlər. Bəzən isə bağça olsa da, həmin müəssisədə yer olmur və ya müxtəlif səbəblərdən valideynlər üçün uyğun hesab edilmir. Nəticədə bu istiqamətdə müəyyən çətinliklərlə üzləşirlər.
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, maliyyə məsələsinə gəldikdə isə, bildiyiniz kimi, dövlət uşaq bağçaları dövlət hesabına fəaliyyət göstərir. Özəl bağçalarda isə bəzi hallarda dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət tərəfindən maliyyə dəstəyi ayrılır. Bu zaman ödənişin müəyyən hissəsi dövlət büdcəsi hesabına qarşılanır, qalan hissəsini isə valideyn ödəyir:
“Qeyd etdiyim kimi, əsas problemlər bağçaların azlığı, mövcud bağçalarda yerlərin çatışmaması və ya onların yaşayış məntəqələrinə uyğun ərazilərdə yerləşməməsidir.
Hesab edirəm ki, əhalinin daha sıx məskunlaşdığı şəhər, qəsəbə və digər yaşayış məntəqələrində alternativ uşaq bağçaları tikilməli və ya mövcud bağçalara əlavə korpuslar inşa edilərək istifadəyə verilməlidir. Bu, həm sıxlığın azalmasına, həm də uşaqların bağçalara daha rahat qəbul edilməsinə imkan yaradacaq.
Düzdür, hazırkı demoqrafik vəziyyəti nəzərə alsaq, 2031-ci ilə qədər əhalinin təbii artımı səbəbindən bağçalarda sıxlığın davam edəcəyini gözləyirik. Lakin 2031–2032-ci illərdən etibarən doğum səviyyəsinin azalması fonunda hesab edirəm ki, gələcəkdə uşaq bağçalarında yer çatışmazlığı və sıxlıq problemi əvvəlki qədər kəskin olmayacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB