Süni intellekt dövründə hansı bacarıqlar sizi işsiz qoymayacaq? - AÇIQLANDI

Süni intellekt dövründə hansı bacarıqlar sizi işsiz qoymayacaq? - AÇIQLANDI

Gələcəyin əmək bazarında diplom əlbəttə ki, vacibdir. Lakin diplomla yanaşı, ixtisas bilikləri və praktik bacarıqlar da getdikcə daha çox ön plana çıxır. Süni intellektin sürətli inkişafı fonunda rutin, texniki və əzbərə əsaslanan biliklər əvvəlki qədər üstünlük yaratmır. Diplom insanın təhsilini və nəzəri hazırlığını təsdiqləsə də, rəqəmsallaşma dövründə rəqabətədavamlı olmaq üçün çeviklik, öyrənməyə açıqlıq və yumşaq bacarıqlar həlledici rol oynayır.

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O bildirib ki, süni intellekt dövründə insanı əmək bazarında əvəzolunmaz edən əsas bacarıqlardan biri koqnitiv və intellektual düşünmə qabiliyyətidir. Süni intellekt böyük həcmdə məlumatları emal edə bilir, lakin həmin məlumatlardan dərin məna çıxarmaq, strateji qərarlar qəbul etmək və mürəkkəb vəziyyətləri qiymətləndirmək insana məxsus xüsusiyyətlərdir. İnformasiya axını içərisində manipulyasiyanı ayırd etmək, faktların düzgünlüyünü yoxlamaq və tənqidi düşünmək bu gün ən vacib bacarıqlardandır:

“Süni intellekt verilən məlumatlar əsasında nəticə çıxarır. Əgər məlumatlar yanlış və ya qərəzlidirsə, əldə olunan nəticələr də yanlış olacaq. Buna görə də insanın analitik düşüncəsi və qərarvermə bacarığı hələ uzun müddət öz əhəmiyyətini qoruyacaq. Standart alqoritmlərlə həll olunmayan qeyri-adi problemlərin həlli, yeni yanaşmaların hazırlanması və kompleks proseslərin idarə edilməsi xüsusi bacarıqlar tələb edir. Süni intellekt mövcud məlumatlardan yeni kombinasiyalar yaratsa da, tamamilə orijinal ideyaların və konsepsiyaların formalaşdırılması insanın üstünlüyü olaraq qalır.

Digər vacib istiqamət texnoloji və rəqəmsal savadlılıqdır. Gələcəkdə süni intellekt insanları deyil, ondan səmərəli istifadə edən mütəxəssisləri üstün mövqeyə çıxaracaq. Süni intellekt alətlərinə düzgün tapşırıq vermək, əldə olunan nəticələri qiymətləndirmək, böyük həcmdə məlumatlardan biznes və ya fəaliyyət üçün faydalı tendensiyaları müəyyənləşdirmək, həmçinin rəqəmsal mühitdə şəxsi və korporativ məlumatların təhlükəsizliyini anlamaq müasir dövrün əsas kompetensiyalarındandır.

Bununla yanaşı, sosial və emosional intellekt də xüsusi əhəmiyyət daşıyır. Empatiya, insanlarla düzgün ünsiyyət qurmaq, qarşı tərəfin hisslərini anlamaq, komanda daxilində yaranan gərginliyi idarə etmək kimi bacarıqları maşınların tam şəkildə əvəz etməsi mümkün deyil. Qlobal və məsafədən iş modelinin geniş yayıldığı bir dövrdə müxtəlif mədəniyyətlərdən olan insanlarla effektiv ünsiyyət qurmaq, əməkdaşlıq etmək və komanda şəklində işləmək də uğurlu karyera üçün vacib şərtlərdən biridir.

Sosial və emosional intellekt çərçivəsində liderlik, komanda ilə işləmək və əməkdaşlıq bacarıqları da xüsusi əhəmiyyət daşıyır. Məhz bu bacarıqlar mütəxəssisin fərqlənməsinə və əmək bazarında rəqabət üstünlüyü qazanmasına imkan verir.

Bununla yanaşı, hər bir mütəxəssis yalnız aldığı diplomla kifayətlənməməli, ömürboyu təhsil prinsipinə sadiq qalmalıdır. Texnologiyalar çox sürətlə inkişaf edir və bu dəyişikliklər nəticəsində universitetdə əldə olunan biliklərin bir hissəsi zaman keçdikcə aktuallığını itirə bilər. Buna görə də biliklərin mütəmadi yenilənməsi, yeni texnologiyaların, alətlərin və proqramların qısa müddətdə mənimsənilməsi müasir dövrün əsas tələblərindəndir.

Yeni reallığa uyğunlaşmaq üçün köhnəlmiş metodlardan imtina etmək, dəyişən əmək bazarının tələblərinə çevik reaksiya vermək və adaptasiya qabiliyyətini inkişaf etdirmək vacibdir. Ənənəvi diplom əsasən müəyyən dövr ərzində əldə olunan nəzəri bilikləri təsdiqləyir. Bacarıq əsaslı yanaşma isə daim yenilənməyi, praktik təcrübə qazanmağı və real layihələr üzərində işləməyi tələb edir.

Ümumilikdə diplom insana nəzəri baza qazandırır, lakin uğuru müəyyən edən əsas amil həmin bilikləri praktikada tətbiq etmək bacarığıdır. Süni intellekt qısa müddət ərzində milyonlarla elmi mənbəni və məlumatı emal edə bilir. Buna görə də onunla yalnız nəzəri bilik hesabına rəqabət aparmaq mümkün deyil. İnsan üstünlüyünü analitik düşüncə, yaradıcılıq, problem həll etmə bacarığı və emosional intellekt kimi keyfiyyətlər hesabına qoruya bilər.

Müasir mütəxəssis dərin peşə bilikləri ilə yanaşı, rəqəmsal savadlılığa, çevik düşüncəyə, adaptasiya qabiliyyətinə və inkişaf etmiş yumşaq bacarıqlara da sahib olmalıdır. Gələcəyin əmək bazarında uğur qazanacaq insanlar məhz bu xüsusiyyətləri özündə birləşdirənlər olacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə