Peşə tanınması imtahanları: Kimlər üçün məcburidir? - AÇIQLANDI

Peşə tanınması imtahanları: Kimlər üçün məcburidir? - AÇIQLANDI

Hazırda xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqdan sonra aldıqları diplomların tanınması prosedurundan keçməlidirlər. Bu məqsədlə onlar Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək onlayn qaydada diplomlarının tanınması ilə bağlı sorğu təqdim edirlər. Müraciət zamanı təhsil aldıqları ali təhsil müəssisəsinin statusu, proqramın məzmunu və digər meyarlar qiymətləndirilir.

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, bununla yanaşı, bəzi ixtisaslar üzrə peşə tanınması proseduru da tətbiq olunur. Xüsusilə hüquq, tibb və digər müəyyən edilmiş sahələrdə xaricdə təhsil almış şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlarda iştirak etməlidirlər. Həmin imtahanlardan uğurla keçən şəxslərin peşə ixtisasları tanınır və onlar müvafiq sahələr üzrə fəaliyyət göstərmək hüququ əldə edirlər:

“Bu prosesdə vətəndaşların qarşılaşdıqları əsas çətinliklərdən biri təhsil aldıqları universitetin və ya proqramın tanınmaması ilə bağlı olur. Bəzi hallarda isə seçilmiş ixtisas ölkənin prioritet istiqamətləri sırasında yer almır və ya tədris proqramı yerli standartlara uyğun hesab edilmir.

Bu səbəbdən xaricdə təhsil almağı planlaşdıran şəxslərə tövsiyə olunur ki, seçim etməzdən əvvəl ali təhsil müəssisəsinin tanınma statusunu, tədris proqramının keyfiyyət göstəricilərini və ixtisasın ölkədəki perspektivlərini araşdırsınlar. Bu yanaşma gələcəkdə diplomun tanınması ilə bağlı yarana biləcək risklərin qarşısını almağa kömək edir.

Dövlət proqramları çərçivəsində xaricdə təhsil alan tələbələr üçün isə proses daha sadədir. Belə ki, dövlət tərəfindən təsdiq edilmiş universitetlərdə və ixtisaslar üzrə təhsil alan şəxslərin diplomları, bir qayda olaraq, əlavə çətinlik olmadan tanınır.

Ümumilikdə, mövcud tanınma mexanizmi təhsilin keyfiyyətinin və peşə standartlarının qorunmasına xidmət edir. Diplomların tanınması zamanı təhsil formasının, tədris dilinin, proqramın məzmununun və ali təhsil müəssisəsinin statusunun yoxlanılması beynəlxalq təcrübədə də geniş tətbiq olunan yanaşmadır. Bu baxımdan prosesin əsas məqsədi diplomların formal deyil, real akademik və peşə hazırlığı əsasında qiymətləndirilməsini təmin etməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə