Universitet imtahanlarının çətinliyi bilikdən çox rəqabətlə bağlıdır? - EKSPERT AÇIQLADI

“Bu məsələnin çətinliyi, ilk növbədə, rəqabət mühiti ilə bağlıdır. Daha yaxşı nəticə göstərənlərin müəyyənləşdirilməsi baxımından qiymətləndirmə mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Hazırda bir çox təhsil müəssisələrində imtahanlar ya test, ya da yazılı formada keçirilir. Əvvəllər isə şifahi imtahanlar daha geniş tətbiq olunurdu. Lakin şifahi imtahanlarda qiymətləndirmə zamanı subyektiv yanaşma və müəyyən uyğunsuzluqlar yarandığı üçün bu üsul tədricən arxa plana keçdi”.

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O bildirib ki, test üsulu ilə keçirilən imtahanlarda tələbələr biliklərini daha çevik şəkildə nümayiş etdirə bilir və nəticələri qısa zamanda öyrənirlər:

“Eyni zamanda, bu üsul qiymətləndirmənin daha obyektiv aparılmasına şərait yaradır.

Yazılı imtahanlarda isə bəzi hallarda tələbələr səhvlərə yol verə bilir və ya mövzunu düzgün izah etsələr belə, qiymətləndirmə zamanı narazılıqlar yarana bilir. Bu da bəzən apellyasiya müraciətlərinə səbəb olur.

Bütün hallarda əsas məqsəd biliklərin düzgün, obyektiv və şəffaf şəkildə qiymətləndirilməsidir. Çünki əldə olunan nəticələr tələbələrin gələcək imkanlarına, o cümlədən təqaüd (əlaçı, zərbəçi və adi təqaüd) qazanmasına birbaşa təsir edir. Bu baxımdan sağlam və ədalətli rəqabət mühitinin qurulması olduqca vacibdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə