Yağışlı havaya görə universitetlər onlayn rejimə keçib? - SORĞU

Hava şəraiti ilə bağlı yaranan müzakirələr fonunda paytaxtın ali təhsil müəssisələrində tədris prosesinin necə təşkil olunduğu açıqlanıb.

SİA universitetlərə sorğu yollayaraq mövcud durumu araşdırıb.

Bakı Dövlət Universiteti (BDU): Tədris ənənəvi qaydada davam edir, tələbələrin davamiyyəti də normaldır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC): Dərslər əyani formada davam etdirilir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU): Bu gün magistr səviyyəsində dərslər onlayn keçiriləcək. Bakalavr pilləsində isə tədris əvvəlki kimi davam edir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU): Tədris prosesi normal qaydada davam edir. Yalnız səhər növbəsinin ilk saatlarında hava şəraiti ilə əlaqədar bəzi qruplarda gecikmələr qeydə alınıb. Həmin tələbələrə güzəşt olunacağı bildirilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti: Dərslər ənənəvi qaydada keçirilir. Onlayn tədris məsələsi gündəmdə deyil. Səhər saatlarında yağıntı müşahidə olunsa da, hazırda tələbələr dərslərdə iştirak edirlər. Yaşadıqları ərazilərdə çətinliklə üzləşən az sayda tələbənin dekanlığa müraciət etdiyi və onlara mümkün qədər qayıb yazılmaması nəzərdə tutulduğu qeyd olunub.

Sumqayıt Dövlət Universiteti (SDU):
Hazırda Sumqayıt Dövlət Universitetində tədris prosesi ənənəvi (əyani) formada davam etdirilir və dərslərin onlayn formata keçirilməsi ilə bağlı hər hansı qərar qəbul olunmayıb.

Eyni zamanda qeyd edirik ki, mövcud hava şəraitinə baxmayaraq, tələbələrin böyük əksəriyyəti dərslərdə iştirak edir və davamiyyət ümumilikdə qənaətbəxş səviyyədədir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə