"İxtisas seçimi uzunmüddətli karyera planlamasında əsas rol oynayır" - EKSPERT FİKRİ
"İxtisas və universitet seçimi məsələsi abituriyentlər və onların valideynləri üçün olduqca aktualdır. Bu mövzuda fərqli yanaşmalar olsa da, şəxsi təcrübələr və əmək bazarının tələbləri göstərir ki, prestijli universitetdən daha önəmlisi, gələcək perspektivləri olan və əmək bazarında rəqabət qabiliyyətli ixtisas seçməkdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, belə ki, bir şəxs ölkənin ən nüfuzlu universitetində əmək bazarında tələbat az olan və ya gələcəyi qeyri-müəyyən bir ixtisas üzrə təhsil ala bilər: "Bu zaman həmin təhsil, nəzərdə tutulan peşə uğuruna zəmanət verməyə bilər. Əksinə, nisbətən az tanınan bir universitetdə əmək bazarında yüksək tələbat olan və praktiki tətbiq sahəsi geniş olan bir ixtisas üzrə təhsil almaq, gələcəkdə uğurlu karyera qurmaq baxımından daha səmərəli ola bilər.
Əlbəttə, hər iki amil – həm universitetin, həm də ixtisasın prestiji – ideal halda birlikdə mövcud olmalıdır. Yəni, əgər mümkün olarsa, prestijli universitetdə, prestijli və perspektivli bir ixtisas üzrə təhsil almaq ən uyğun seçim sayılır. Bu zaman tələbə həm yüksək tədris keyfiyyətindən, həm də universitetin beynəlxalq əlaqələrindən, təcrübə imkanlarından və karyera dəstək xidmətlərindən yararlana bilər".
Ekspert bildirir ki, prestijli universitetlər adətən müasir maddi-texniki baza, təcrübəli və elmi dərəcəli müəllim heyəti, beynəlxalq mübadilə proqramları, iki diplomlu təhsil imkanları və xarici təcrübə proqramları ilə seçilirlər: "Bu imkanlar tələbələrin bilik və bacarıqlarını daha da inkişaf etdirməyə, eləcə də beynəlxalq əmək bazarına çıxış əldə etməyə şərait yaradır.
Nəticə etibarilə, ixtisas seçimi uzunmüddətli karyera planlamasında əsas rol oynayır. Universitetin adı isə bu yolda əlavə üstünlük ola bilər, lakin həlledici amil ixtisasın perspektivliliyidir. Bu səbəbdən də seçim zamanı əsas diqqət əmək bazarının ehtiyaclarına uyğun, şəxsə maraqlı və gələcəkdə inkişaf imkanları olan ixtisaslara yönəldilməlidir"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə