"Ekskursiya üçün 99% məktəbin fərdi avtobus imkanı yoxdur" - AYDINLIQ GƏTİRİLDİ

"Ümumiyyətlə, məktəbdaxili təhlükəsizlik məsələləri bir neçə parametrdən xüsusi diqqət mərkəzində olmalıdır. Şagird təhlükəsizliyi və sağlamlığına azacıq da olsa, mənfi təsir edən hər bir detalın yaşanmaması üçün məktəb rəhbərliyi, pedaqoji heyətin üzərinə böyük məsuliyyət düşür". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, məktəbdaxili təhlükəsizlik qaydalarının təmini nə qədər vacibdirsə, şagirdlərin birgə toplanış şəkilində məktəbdənkənar rifahı və qorunması da bir o qədər zəruridir: "Beynəlxalq təcrübədə dövlət və özəl statuslu olmasından asılı olmayaraq demək olar ki, hər məktəb daxilində bu kimi məsələlərə xüsusi diqqət yetirilir. Şagirdlərin hər birinin məktəbdaxili təhlükəsizlik qaydaları ilə tanış olmaları, bu istiqamətdə müəyyən praktiki bilgilərə sahibliyi həmin təhsil müəssisələri üçün çox vacibdir. Odur ki, orada mütəmadi olaraq şagirdlərə yanğına nəzarət, yanğın baş verdiyi anda özünümüdafiə məsələləri, eləcə də digər fövqəlada hallar zamanı etməli olduğu işlərlə bağlı təlimlər keçirilir, şagirdlər tez-tez bu barədə məlumatlandırılır. O tipli tədris müəssisələrində hər hansı kütləvi tədbir zamanı əvvəlcə məsul şəxs tərəfindən şagird və qonaqlara məktəbin təhlükəsizlik qaydaları, yanğın və digər fövqəladı hallarla bağlı məlumat verilir. Bütün bunlar formal prosedurlar yox, insan sağlamlığına, təhlükəsizliyinə göstərilən çox böyük etimadın göstəricisidir.

Təbii ki, təhlükəsizlik mövzusuna bu qədər həssas yanaşan bir müəssisə bu yöndə digər tədbirlərə də xüsusi ehtiyatla yanaşacaqdır. Bura təbii ki, şagirdlərin məktəb vasitəsilə hər hansı səyahət turunda iştirakı, kamp-düşərgə səviyyəsində şəhərkənarı istirahət - təlim məkanlarına cəlbi xüsusi təhlükəsizlik qaydaları şəraitində həyata keçiriləcəkdir. Bizdə isə bu istiqamətdə tədris müəssisələrinin çox da ciddi şəkildə narahatlıq və hazırlığı hiss olunmur. Məlumdur ki, məktəblilərin hər hansı səyahət turuna, ekskursiyaya aparılması üçün 99 faiz məktəbin fərdi avtobus imkanı yoxdur. Onlar uzaq məkana razılaşdırılmış sərnişin xidmətləri sayəsində gedirlər. Məsələn, bir neçə il bundan əvvəl bir-birinə yaxın zaman kəsimlərində rayonların birində məktəbliləri ekskursiyaya aparan nəqliyyat vasitələrinin aşdığı, xəsarət alanların olduğu ilə bağlı eşitmişdik. Heç kəs hər hansı neqativ hadisədən sığortalanmayıb. Odur ki, şagird psixologiyasını zədələməmək, onun sağlamlıq və təhlükəsizliyinə xələl yetirməmək üçün məktəb rəhbərliyinin xüsusi diqqət göstərmələri, bununla bağlı hər hansı sıravi nəqliyyat vasitələri ilə deyil, sınaqdan çıxmış və yaxşı bələdçilik qabiliyyəti ilə sürücü xidmətindən yararlanmaq lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə