"Azərbaycan ali təhsil müəssisələrində tədris olunan ixtisasların heç də hamısı xarici ölkələrin əmək bazarı üçün keçərli olmur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
Onun sözlərinə görə, bunun iki səbəbi var: "birincisi, həmin ixtisas artıq öz dövrünü başa vurub, əmək bazarı üçün aktuallığını itirib.
İkincisi, hər hansı ixtisas yerli ATM-də əcnəbi əmək bazarının tələblərinə uyğun tədris olunmur. Bu gün ixtisası diri saxlayan, onu əmək bazarı üçün effektiv edən ən birinci detal tələblərə uyğun şəkildə tədris olunmasıdır. Bizlərdə isə təəssüf ki, bir çox ixtisasların tədrisində nəzəri yanaşma, onun praktiki tətbiqini xeyli qabaqlayır.
Sovet dövründə Azərbaycan universitetlərində tədris olunan ixtisaslar arasında əcnəbi ölkələrin iş müəssisələrində özünə ən çox yer tapanlar daha çox neft sənayesi, kimya sənayesi ilə bağlı idi. Bunun da səbəbi hər kəsə məlumdur. Neft ölkəsi olan Azərbaycanda bu istehsalatın elmi tədqiqat, peşəkar tərəfi yüksək səviyyədə işlənilirdi. Hazırda bu ixtisaslar üçün bunu demək olmaz. İndi əcnəbi əmək bazarında ən çox tələb olunan yerli ixtisas tədrisi tibbdir. Bu səbəbdən də Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrin sayına görə uzun illərdir ki, ilk sırada qərarlaşır.
Amma biz tibblə məhdudlaşmamalı, əsasən İT profilli ixtisasları əcnəbi əmək bazarlarının tələblərinə uyğun tədris etməliyik. Bu, həm də universitetlərimizə xarici tələbə axınının olmasına da şərait yaradar. Bu istiqamətdə ən real ixtisaslar məhz İT profilli olanlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə