"Magistratura təhsili bütün istiqamətlərdə üstünlükdür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Magistratura təhsili önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, əgər bir insan elmi fəaliyyətlə məşğul olursa, elmi nailiyyət əldə etmək istəyirsə, yaxud da, hər hansı sahə üzrə özünü mütəxəssis kimi görmək istəyirsə, magistratura təhsili önəmlidir: "Digər dərəcələri almaq üçün magistr keçiddir. Artıq magistraturanı bitirənə master dərəcəsi verilir. Amma bizdə təəssüf ki, magistratura daha çox oğlanlar üçün əsgərlikdən iki il yubanmaq, xanımlar üçünsə ad xatirinə oxunur. Çünki görürük ki, magistraturanı bitirənlərin böyük əksəriyyəti elmi fəaliyyəti davam etdirmək istəmirlər. Bu bir növ dəb halını alıb. Amma sonrası davam etmir. Hər halda magistratura təhsili önəmlidir.

Magistraturanı ancaq oxumaq üçün davam etdirmirlər. Dövlət orqanlarında elə rəhbər vəzifələr var ki, orada magistratura təhsili tələb olunur. Hətta təhsillərini davam etdirməsələr belə, bütün istiqamətlərdən baxdıqda magistratura təhsili üstünlükdür. Düşünürəm ki, gənclərin imkanı, zamanı varsa, mümkün qədər dərəcələrini alsınlar. Nə zamansa işdə, təhsildə davam etdirmək istəsələr, bu, vacib olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə