"Ən vacib məqam narahatedicidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı iştirakçılarının doktorantura səviyyəsi üzrə seçiminə dair meyarların təsdiq edilməsi martın 6-na təsadüf edir". Bu sözləri SİA-ya açıqlamasında Ali təhsil üzrə ekspert, Ped.ü, f.d. Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, yeni meyarların təsdiq olunduğu doğrudur: "Əsas meyarlar ondan ibarətdir ki, gəncin qəbul olduğu universitet dünyanın yüksək reytinqli Top500-nə daxil olan universitetlərin siyahısından hər hansı biri olmalıdır. Tələbə, yəni doktorant oraya qəbul olunmalıdır. Magistratura pilləsinin sonuncu təhsil pilləsində Azərbaycanda təhsil almalıdır. Beynəlxalq sertifikatları, göstəriciləri yüksək nəticədə olmalıdır. Bunlar qeyri-şərtsizdir.

Bir də ən vacib olan məqam bir az narahatedici məqamdır. Gəncin gedəcəyi ixtisasın Azərbaycanda Nazirlik tərəfindən Ali Attestasiya Komissiyasında (AAK) mövcud olan ixtisaslarla uyğun olmasıdır. Bu, əslində bir az məyusedici faktdır. Çünki bizdəki ixtisas qriftləri ola bilsin ki, xarici ölkələrin qriftləri ilə uyğun olmaya bilər. Çünki yenilənmələrə məruz qalır. Dünyanın tələbləri başqadır. Elm sahəsindən söhbət gedir. Düşünürəm ki, bu, bir az məyusedici və çətin bir tələbdir. Hesab edirəm, buna bir daha diqqət edilməlidir. Tələbə əgər doktoranturaya qəbul olubsa, onun ixtisaslaşması, qrifti bizdə yoxdursa, düzgün müəyyən edilməyibsə, o tələbə qəbul edilməməsi anlaşılan deyil. Hesab edirəm, bu məqam diqqətə alınsa, daha faydalı olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə