"Əməkdaşlıqlar, dostluqlar qurmaq çox gözəl duyğudur" - SORĞU

Hər il olduğu kimi bu ildə tələbələr artıq semestr dərslərini bitirib təcrübə mərhələsinə başlayırlar. Hər tələbənin təhsil həyatı ilə bağlı müxtəlif xatirələri var. Kimisi bu illərin bitməyini heç istəmir, kimisi isə artıq iş yaxud digər fəaliyyətlərlə dolu həyata addımlamaq istəyir. SİA mövzu ilə bağlı tələbələr arasında sorğu keçirib.

Tələbə Kənan Dadaşov: “Universitetə daxil olarkən olan düşüncə tərzim indiki düşüncə tərzimdən çox fərqlənir. Universitet insanı təkcə elmi, mədəni cəhətdən dəyişdirmir, həm də dünyaya baxış pəncərəsini dəyişdirir. Bu proses ayrı-ayrı yollardan inkişaf edir. Buraya ümumi sosiallaşmaq, əlaqəli münasibətlər və intellektual fikir mübadilələri daxildir. Universitet həyatında bu kimi tələbələrin həyatındaa təsiredici məqamlardır vardır. Universitetdə ən vacib məsələlərdən biri də tələbə-müəllim münasibətləridir. Burada müəllimlər öz fikirlərini tələbələrə çatdırmaq üçün geniş metodlardan istifadə edirlər. Bu metodlar müasir təhsil sistemində inkişaf etdirici xüsusiyətə sahibdir. Müəllimlər öz fikirlərini və keçdikləri fənlərin mövzularının əsasını çatdırmaqla qalmırlar, əlavə olaraq onlara gələcək həyatlarında iş təcrübələrinə tez zamanda yiyələnmənin yollarını göstərirlər.

Dörd il ərzində burada təkcə öz peşəmlə bağlı olan məlumatları deyil, həmçinin universal məlumatları öyrəndim. Bu məlumatlar gələcəkdə lazımi təfəkkür məlumatları olacaq. Universitet illərində qazandığım bilik və bacarıqlar gələcək həyatımda irəliləmək üçün özgüvən yaratdı. Universitet illəri mənim həyatımda pis və yaxşı günlərlə yadda qaldı”.

Tələbə Səbinə Zalova: “Bu illər ərzində universitet yalnız mənə bilik deyil, həmçinin geniş həyat təcrübəsi qazandırdı. Həmin illərdə ixtisasımın əsas prinsiplərini mənimsədim. Həmçinin komanda ilə işləməyi, vaxtı düzgün idarə etməyi öyrəndim. Müxtəlif müəllimlərdən, xüsusəndə sahənin peşəkarlarından öyrəndiklərim mənə geniş dünyagörüşü qazandırdı. Bununla yanaşı burada yeni biliklər qazandım və unudulmaz dostluqlar qurduğum insanlarla gözəl günlər yaşadım. Tələbə yoldaşlarımla bir yerdə çox gözəl günlər keçirdik. Birlikdə dərslərə hazırlaşmağımız, gecələr oyaq qalıb imtahanlara çalışarkən yorğunluğumuzu bir-birimizə zarafatlarla çatdırmağımız çox xatirələr idi. Xüsusilə imtahan ərəfəsi yaşadığımız həyəcan və bir-birimizə verdiyimiz dəstəklər heç vaxt yadımızdan çıxmayacaq. O günlər nə qədər çətin olsa da, indi düşünən zaman üzümə təbəssüm gətirir. Eyni zamanda universitetdə olan layihələrdə, debatlarda, təqdimatlarda komanda ilə vaxt idarəsini öyrəndim. Təbii ki, bəzi çətinliklərimiz oldu, lakin hər çətinliyin sonu qazandığımız təcrübə bizi daha da güclü etdi”.

Tələbə Elşən İmanov: “Universitetimizin tədris sistemi həm geniş elmi bazaya, həm də praktik tətbiq sahələrinə əsaslanır, bu da tələbələrə elmi düşüncə və analiz bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Müəllim heyəti sahələrində yüksək ixtisaslaşmış və təcrübəli insanlardan ibarətdir. Bu, tələbələrə yalnız nəzəriyyə ilə deyil, həm də praktik təcrübə ilə tanış olmaq imkanı verir. Universitetin tədqiqat fəaliyyəti, elmi konfranslar, seminarlar və tədqiqat layihələri vasitəsilə tələbələrin elmi düşüncə və analitik qabiliyyətlərini inkişaf etdirməkdə böyük rol oynayır. Bu, tələbələrə öz sahələrində ən son yenilikləri izləmək və gələcəkdə elmi araşdırmalar aparmaq imkanı verir. Universitetin elmi mərkəzləri və laboratoriyaları, tələbələrə innovativ ideyalar və tədqiqatlar üzərində işləmək fürsəti yaradır. Universitet illərim mənim akademik inkişafım və gələcək karyeram üçün mühüm bir mərhələ oldu. Burada qazandığım biliklər və təcrübələr, mənim həm şəxsi, həm də peşəkar həyatımda dərin izlər buraxdı. Universitetin tədris və elmi mühiti, mənə çox faydalı oldu və gələcəkdə qarşılaşacağım çətinliklərə hazırlıqlı olmaq üçün lazımi əsasları təmin etdi”.

Tələbə Nuray Paşşanlı: “4 illik universitet həyatımda bir çox xatirələr qazandım. Həmçinin bir çox müvəffəqiyyətlərə imza atdım. Bununla yanaşı yaxşıki tanımışam dediyim, çətin anlarımda yanımda olan dostlarım oldu. Bu illərdə müxtəlif sosial proqramlara qatıldım. Təlimlərdə, media ilə bağlı bir çox layihələrdə iştirak etdim. İxtisasımla bağlı daha çox bilgilərə sahib oldum. Bununla yanaşı işinin peşəkarı olan müəllimlərdən kömək aldım. Tələbəlik illərinin bitməyini təəssüf ki istəmirəm. Hər şeyə rəğmən ən gözəl xatirələrim belə tələbə illərində oldu. Həmçinin məzun günümüzü səbirsizliklə gözləyirəm”.

Tələbə Nahid Arifoğlu: “Universitetin insan həyatında rolu çox böyük və əvəzolunmazdır. Ümumiyyətlə tələbə həyatı insan, şagird dövrünü bitirmiş vətəndaş üçün çox maraqlıdır. Bu dövrdən səmərəli şəkildə istifadə etməyə çalışmalıyıq. 4 il həqiqətəndə çox tez bitir və hər şey bir göz qırpımında olur. Qəbul olan zaman bu illərin çox gec olacağını düşünürsən, lakin elə deyil. Universitet illərində qazanılan təcrübələr, yeni insanlar, əməkdaşlıqlar, dostluqlar qurmaq çox gözəl duyğudur. Universitet mənim insanları tanımağımda, uğurlar qazanmağımda böyük bir səbəbkar olub. Əsasda ixtisasımla bağlı uğurlar qazanmağımda, bir çox nailiyyətlər əldə etməyimdə səbəkar rolunda çıxış edib. Unversitet dövründə mən könüllülük fəaliyyətinə başlamışam, bu insanın daxilindən gələn səmimi bir duyğudur və qarşılığında heç bir şey gözləmədən hərəkət edirsən. Bu zaman Azərbaycanın dövlətçilik ənənələri, vətəndaşları üçün könüllü şəkildə fəaliyyət göstərirsən. Bununla yanaşı həmin illərdə ixtisasımla bağlı müəyyən təcrübə proqramlarına, tədbirlərə, layihələrə qatılaraq bilik və bacarıqlar əldə etmişəm. Universitetin mənə öyrətdiyi şeylər saymaqla bitməz dərəcədə çoxdur. Əsas odur ki, ixtisasımı çox sevirdim və bu ixtisasa qəbul olmaq üçün çox çalışmışam”.

Tələbə Aydan Hümmətova: “Qəbul olunduğum ilk gündən bəri bu sahənin mənə nə qədər uyğun olduğunu hiss edirdim. Amma zaman keçdikcə, yalnız nəzəri biliklər deyil, həm də praktik bacarıqlar qazandım və bunun həyatımda böyük dəyişikliklər yaratdığını anladım. Sənədlərlə işləmək, onların qorunması və düzgün idarə olunması haqqında öyrənmək məni həyəcanlandırırdı. Dərslər zamanı müəllimlərimiz bizə təkcə kitab bilikləri vermir, həm də real həyatda lazım olacaq məsləhətlər verirdilər. Xüsusilə arxiv sənədlərinin tarix və cəmiyyət üçün əhəmiyyəti haqqında öyrəndikcə, işimə daha da böyük maraq duydum. Təkcə dərslərlə yox, eyni zamanda tələbə yoldaşlarımla maraqlı anlar yaşamaqla da çox şey qazandım. Qrup yoldaşlarımla birlikdə layihələr hazırlayır, müxtəlif tədbirlərdə iştirak edirdik. Artıq biliklərimizi praktikaya tətbiq etməyə başladıq. Təcrübə müddətində anladım ki, sənədlərlə işləmək təkcə kağız üzərində iş görmək deyil, eyni zamanda böyük bir məsuliyyət və dəqiqlik tələb edən sahədir. Artıq bilirəm ki, bu sahədə inkişaf etmək və yaxşı mütəxəssis olmaq istəyirəm. Gələcəkdə arxivçilik və kargüzarlıq sahəsində daha da irəliləmək istəyirəm.Tələbəlik illərində qazandığım biliklər və dostluqlar isə həyatımboyu mənimlə qalacaq”.

Tələbə Əli Hüseynov: “Sosial sahəyə olan marağım məni daim öz üzərimdə işləməyə və inkişaf etməyə təşviq edib. Tələbəlik illərim mənim üçün həm akademik, həm də sosial baxımdan inkişaf dövrü olub. Fərqli tədbirlərdə və layihələrdə iştirak edərək bacarıqlarımı artırmışam. Eyni zamanda, sosial iş sahəsində nəzəri biliklər qazanaraq onları real vəziyyətlərdə tətbiq etmək fürsəti əldə etmişəm. Özümü inkişaf etdirmək mənim üçün vacibdir. Bunun üçün bir çox dövlət qurumlarında təcrübəçi kimi fəaliyyət göstərmişəm. Orada qazandığım bilik və bacarıqlar məni daha peşəkar edib. Həm akademik, həm də praktik sahədə öyrəndiklərim gələcək fəaliyyətim üçün çox əhəmiyyətlidir. Gələcəkdə sosial sahədə daha dərin bilik və bacarıqlara sahib olmağı hədəfləyirəm. Bunun üçün həm magistratura təhsili almağı, həm də iş sahəmdə daha fəal rol oynamağı planlaşdırıram. İnsanlara kömək etmək və cəmiyyətə fayda vermək əsas məqsədlərimdəndir, daim öyrənmək və inkişaf etmək vacibdir. Praktiki məkanlarda təcrübə toplamaq lazımdır. Cəmiyyətdə sosial problemləri yaxından izləmək, onlara yanaşma yollarını anlamaq və bu sahədə tərəqqiyə nail olmaq üçün əlində olan imkanlardan maksimum istifadə etmək lazımdır”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə