""TələbəPlus" kartı ilə bağlı söhbətlər gedəndə, "TələbəPlus" kartı ictimaiyyətə təqdim olunanda bununla bağlı biz açıqlama vermişdik. Bəzi detalları bildirmişdik". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
O bildirib ki, dünyanın hər bir yerində "TələbəPlus" kartına oxşar vahid tələbə güzəşt kartının varlığı hələ işin hamısı deyil: "Vahid tələbə güzəşt kartının, Azərbaycanda "TələbəPlus" adlanan xüsusi vəsiqənin önəmini artıran detallar, onun kəmiyyət və keyfiyyət göstəricisidir. Məsələn, "TələbəPlus" kartı hər tələbəyə verilir. Əgər onu dəstəkləyən şirkətlərin sayı azdırsa, onu dəstəkləyən şirkətlərin təqdim etdiyi, təklif etdiyi güzəşt payı azdırsa, deməli, onun kəmiyyət və keyfiyyət göstəricisi zəifdir. Bu baxımdan biz "TələbəPlus" kartının önəmini artırmaqdan ötrü onun kəmiyyət və keyfiyyət göstəricisinə xüsusi yol ayırmalıyıq. Bu istiqamətdə, təhsilin inkişafı istiqamətində müəyyən işlər aparılır. Elə mexanizm var ki, fonddan da asılı deyil. Şirkət təklif edir ki, tələbə üçün təklif etdiyi güzəşt paketi 10%-dən çıxmamalıdır. Bu, artıq onun seçimidir. Bu zaman təhsilin inkişafı fondu məcburiyyət qarşısında qalaraq, partnyoru itirməmək üçün 10% ilə razılaşır. Restoranlarda, geyim mağazalar şəbəkəsində, əsasən faiz civarında güzəştlər tətbiq olunur.
Dünyanın hər yerində vahid tələbə güzəşt kartının əsas göstəricisi ictimai nəqliyyatla bağlıdır. İctimai nəqliyyatda da 10% deyil, bir çox ölkələrdə 50%, bir qisim ölkələrdə isə 100% güzəşt tətbiq olunur. 50% tətbiq olunan ölkələrin sayı çoxdur. Bizim tələbələr üçün ictimai nəqliyyata 50% güzəştin olunması bir çox başqa güzəştlərdən daha önəmlidir. Tələbəlik dörd ildir, çətin dövr olması ilə yanaşı həm də maraqlı dövrdür. Gəncliyin ən qaynar, əyləncəyə ehtiyac olunan dövrüdür. Burada başqa istiqamətdə güzəştlərin olmasına qəti qarşı deyiləm. Olmalıdır, sadəcə faizlər 10%-dən qalxmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə