"TələbəPlus" kartlarından nə kimi istifadə olunur? - MÜNASİBƏT BİLDİRİLDİ

""TələbəPlus" kartları tələbələr üçün xüsusi olaraq nəzərdə tutulmuş güzəştli kartlardır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, bu kartlardan istifadə edən tələbələr müxtəlif xidmətlərdə, o cümlədən nəqliyyatda, alış-verişdə və bəzən təhsil ilə bağlı xərclərdə endirimlər əldə edə bilərlər: " Tələbələr şəhər nəqliyyatında endirimli tariflərlə gedişhaqqı ödəyə biləcəklər.

Kartın doldurulması zamanı bəzi proqramlarla tələbələrə əlavə bonus vəsaitlər təklif ediləcək. Kartlar onlayn platformalarda və ya müəyyən terminallarda rahat şəkildə doldurula biləcək. Şəhərlərarası sərnişindaşıma xidmətlərində tələbələr üçün xüsusi qiymət təklif olunacaq. Restoranlar, kinoteatrlar, kitab mağazaları, idman zalları, təhsil mərkəzlərində endirimlər nəzərdə tutulur. Güzəştlərin miqdarı və şərtləri kartı təqdim edən müəssisədən asılı olaraq dəyişə biləcək.

“TələbəPlus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək. Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq. “TələbəPlus” kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin “TələbəPlus”a qoşulması planlaşdırılır.

Kart vasitəsilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq".

""TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək: Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər. Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər. Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə