"Əlilliyi olan şəxslərin normal təlim mühitində təhsil alma imkanı olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"İnklüziv sözü" include" sözündən götürülüb, mənası "daxil olma" deməkdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

Təhsil eksperti bildirib ki, yəni inklüziv təhsil dedikdə buraya əlilliyi olan öyrənənlərin hamı ilə birlikdə adi sinif və auditoriyada təhsilinin təmin edilməsi nəzərdə tutulur: "Bu zaman biz əlilliyi olan öyrənəni inklüziv təhsilə cəlb etmiş oluruq. İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutur və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanır. İnklüziv təhsillə əlaqədar olaraq beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır. Azərbaycanda hal-hazırda 60 minə qədər sağlamlıq imkanları məhdud uşaq var. Bu uşaqlardan 12 mini təhsilə cəlb olunub. 7750-si evdə, 268-i isə inklüziv təhsil alır. Təhsilə cəlb olunanları xüsusi məktəblərdə, internat məktəblərində təhsil alırlar. Azərbaycan 2005-ci ildən "İnklüziv təhsil layihəsi"nin icrasına start vermişdir.

İnklüziv təhsildə cəlb olunan əlil öyrənənin sayı auditoriyada çox olmamalıdır. Əgər çox olarsa təlim-tədrisin keyfiyyətini aşağı sala bilər. Əlilliyi olan şəxslərin normal təlim mühitində təhsil alma imkanı olmalıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə əlilliyi olan şəxslər üçün təhsil imkanları inklüziv təhsil hesabına həyata keçirilməkdədir. Məktəb və universitetlərin infrastruktur və maddi-texniki imkanları də əlilliyi olan şəxslər üçün zəruri imkanlar nəzərdə tutmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə