Azərbaycan Qazaxıstanla rəqəmsal sahəsində birgə layihələr həyata keçirəcək - FOTOLAR

İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Qazaxıstanın “Tech Hub Limited” arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin, birgə tədqiqatların aparılması, sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin təşkili, süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, 4SİM və “Tech Hub Limited” rəqəmsal iqtisadiyyatın inkişafı, fintek və vençur kapitalı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

Səfər çərçivəsində 4SİM-in nümayəndələri "Astana" beynəlxalq maliyyə mərkəzi ilə də tanış olublar.

Qeyd edək ki, “Tech Hub Limited” müəssiəsi "Astana" beynəlxalq maliyyə mərkəzinin nəzdində fəaliyyət göstərir və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Qazaxıstandakı Afiləedilmiş Mərkəzinə ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə