Metropolitençilər “İnnoTrans-2022” sərgisində olublar - FOTOLAR

Almaniyada Berlin rels nəqliyyatının nailiyyətlərinə beynəlxalq baxış sahəsində aparıcı mövqeyə malik “İnnoTrans” sərgisində “Bakı Metropoliteni” QSC-nin nümayəndələri geniş tərkibdə təmsil olunublar. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 26 ildir açıq səma altında keçirilən və geniş proqramlı konfranslardan ibarət olan ixtisaslaşdırılmış sərginin özəl konsepsiyası bu tədbirdə 56 ölkənin 2731 stendi və 3130 texnoloji məhsulla təqdim olunmasıdır.

“Bakı Metropoliteni” QSC-nin 8 nəfərdən ibarət nümayəndə heyəti vaqon istehsalı və təmiri, yol infrastrukturu, energetika, diaqnostika, metrologiya, işarəvermə, rabitə və s. sahələrdə innovativ potensialı olan maraqlı texnika və texnologiyalarla, rels nəqliyatı üçün xüsusi avadanlıqlarla tanış olub, fikir və təcrübə mübadiləsi aparıblar.

Sərgidə Bakı metropoliteninin əməkdaşlıq etdiyi Fransanın “Thales”, Almaniyanın “Siemens”, Türkiyənin ASELSAN, Ukraynanın “Pluton” və digər tanınmış istehsalçılarla görüşlər keçirilib, qarşılıqlı səmərəli fəaliyyət planları, bağlanmış müqavilələr çərçivəsində görüləcək işlər, yeni layihələr, gündəmdə olan məsələlər müzakirə edilib.

Nümayəndələrin bir qrupu Almaniyanın Boxolt şəhərində “Benning GmbH” və Berlində “BAE Batterien GmbH” müəssisələrinin zavodlarında yeni məhsullarla tanış olublar.

Nümayəndə heyəti sərgi iştirakçıları ilə Bakı metropoliteninin fəaliyyəti, mövcud infrastrukturu, perspektivlər və əsas texnoloji araşdırmalar barədə müvafiq müəssisələrlə fikir mübadilələri aparıb, təşəbbüslərlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə