Ölkədə sahibkarlıq fəaliyyəti hansı səviyyədə inkişaf edir? - İQTİSADÇI ŞƏRH ETDİ

Ölkədə sahibkarlıq fəaliyyəti hansı səviyyədə inkişaf edir? - İQTİSADÇI ŞƏRH ETDİ

“1990-cı illərdən formalaşan bazar iqtisadiyyatı şəraitində özəl sahibkarlıq inkişaf edir. Ümumi daxili məhsulun artıq uzun müddətdir ki, 75-80 faizi özəl sektorda formalaşır, xüsusi sahibkarlığın fəaliyyəti nəticəsində formalaşır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, ölkə ümumdaxili məhsulunda da əhəmiyyətli rol oynayır: “Sahibkarlıq məşğulluğun təminində də dövlət sektoru ilə bərabər əhəmiyyətli rol oynayır. Yəni iqtisadi artımın əsas drayverlərindən biridir. Xüsusən də, Azərbaycan hazırda qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi üçün addımlar atır. Həm gömrük, həm vergi islahatlarında rəqabət mühitinin təkmilləşdirilməsi baxımından addımlar atılır. Amma bu biznes mühitinin, investisiya mühitinin təkmilləşdirilməsinin hələ böyük bir potensialı var. İslahatlar davam etməlidir. Sahibkarlıq müəyyən mərhələləri keçib inkişaf etsə də biz dünya bazarında Azərbaycan brendləri ilə məhsulların satışını hələ çox görmürük. Çox nadir hallarda dünya bazarına məhsul çıxarmışıq. Bu da ənənəvi MDB məkanından kənara çıxmır. Azərbaycanın qeyri-neft ixracı artır. Bu da sahibkarlıq fəaliyyətinin nəticəsidir. Qeyri-neft ixracı son dönəmlər 2.6 milyard olub ki, bu rekorddur və bu il 3 milyarda qədər artacağı gözlənilir. Lakin Azərbaycanın bu potensialının aşağı səviyyəsindədir ki, bu da sahibkarlığın qarşılaşdığı problemlərlə əlaqədardır. Burada həm də kredit resurslarına, maliyyə vəsaitlərinə çıxışda problem var. Rəqabət mühitində ciddi problemlər var. Rəqabət məcəlləsi hələ uzun müddətdir ki, qəbul edilə bilmir.
Ümumi şəkildə pulun baha olması, ölkənin yerləşdiyi regionla bağlı risklər, kadr potensialının zəif olması, sahibkarlıq ənənələrinin yeni formalaşması müəyyəm problemlər yaradır, sahibkarlığın inkişafına mane olur. Ancaq eyni zamanda da son dövrlər bu sahədə ciddi sahibkarlar təbəqəsi formalaşıb. Onlar dünyada baş verən yenilikləri öyrənirlər, tətbiq edirlər və uğurla fəaliyyət göstərirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə