Dünya Rusiyadan imtina edir? İQTİSADÇI AÇIQLADI

"Dünyanın Rusiyadan imtina etməsi mümkün deyil". Bunu SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. İqtisadçı qeyd edib ki, Rusiya ərazisi dünyanın 11,5 faizini əhatə edir: "Planetin 149 milyon kv km-nin 17,1 milyonu rəsmi olaraq Rusiyanındır. Lakin faktiki olaraq özünün kontrolunda olan ərazilər bundan daha çoxdur. Rusiya nəzarət altında saxladığı yerlərlə birgə dünyanın əhəmiyyətli hissəsini təşkil edir. BMT tərəfindən rəsmi təsdiq edilmiş ərazisi 17,1milyon kv kilometrdir. Rusiyanı xəritədən silmək mümkün deyil. Rusiya qaz ixracına görə dünyada birinci, neft ixracına görə isə dünyada ikinci yerdədir. Rusiya bir çox ərzaq məhsullarının, metalın tədarükü üzrə dünyada lider ölkələrdəndir".
İqtisadçı Xalid Kərimli qeyd edib ki, dünya sənayesi, istehsalı və ərzaq təhlükəsizliyi Rusiyadan asılı vəziyyətdədir: "Rusiya isə dünyanı bununla imtahana çəkmək istəmir. Təbii ki, Ukrayna ilə müharibə dönəmində olduğu üçün Rusiyanın bir sıra ölkələrlə əlaqəsi pisləşib. Alıcıların yeri dəyişsə belə, Rusiyanın dünya iqtisadiyyatından çıxması mümkün deyil. Nəzərə alaq ki, əmtəə satışında bir çox ölkələrdən daha öndədir. Dünyada ticarət münasibətləri dəyişsə də, başqa cür dizayn olunsa da, Rusiyanın dünya iqtisadiyyatında rolu dəyişməz qalacaq. Rusiya iqtisadiyyat əlaqələri Avropa ilə azalsa da, Asiya ilə daha möhkəmlənməsi gözlənilir. Rusiyanın nə enerji, nə də əmtəə bazarında sıxışdırılması mümkün olmayacaq. Rusiyaya aparılan sanksiyalar bizim də bazara təsirsiz ötüşmür. Bazarda bahalaşma müşahidə olunmasının səbəbi məhz budur. Avropa Rusiya ilə əlaqələri məhdudlaşdıra bilər. Lakin tamamilə kəsməsi mümkün görünmür. Çünki Avropa qaz təchizatında 10 il müddətində Rusiyadan asılı olacaq. Rusiya və Avropa münaqişəsi davam etməsə düşünürəm ki, Rusiyaya tətbiq edilən sanksiyalarda da yumşalma müşahidə edəcəyik. Amma təbii ki, bu, bir tərəfdən də ABŞ və Çin münasibətlərindən asılı olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə