Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində mövqeyi güclənir

Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində mövqeyi güclənir

Azərbaycan uzun illərdir regionun və Avropanın enerji təhlükəsizliyi sistemində əhəmiyyətli rol oynamaqdadır.Təsadüfi deyilki Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə, 27-ci Beynəlxalq Neft-Qaz sərgisilə bağlı ünvanlanan təbrik məktublarında da əsas tezis Azərbaycanın etibarlı strateji tərəfdaş və sabitləşdirici faktor olması ilə bağlı fikirlərdir. Xüsusi ilə ABŞ Prezident Cozef Baydenin məktubunda enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmənin heç vaxt olmadığı qədər əhəmiyyətli olması vurğulanır və Azərbaycanın bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynadığı bildirilir. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından Trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik tərəfdaş kimi qəbul olunur. Habelə, Böyük Britaniya isə təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın öhdəliyini alqışlayır. Azərbaycan kimi ölkələrin sıfır karbon tullantılarını təşviq edən ölkə olmaq üçün yüksək potensiala malik olduğunu qeyd edir. Birləşmiş Krallığın dövlət naziri Qreqori Uilham Hendsin məktubunda bu məqam xüsusi vurğulanır.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı bir daha sübut etdi ki, bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və get-gedə daha çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Xəzər Neft və Qaz Sərgisi təşkil edilməsi sərmayələrin diqqətini cəlb etmək baxımından əhəmiyyətli idi. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu göstərə bilib.

Hazırda beynəlxalq əməkdaşlıq məkanına çevrilmiş Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəzə çevrilib. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan illər öncə “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırılmışdısa, Cənub qaz dəhlizi layihəsi XXI əsrin ən iri enerji layihəsidir.

Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm də tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan yeni müasir infrastrukturdan qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq.

Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihələrdə də liderliyi öz üzərinə götürüb.

Məcid Əhmədov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə