“Ölkəmizin tərəqqisi və inkişafı üçün gücümüzü və bütün imkanlarımızı sərf etməyə hazırıq” SAHİBKAR
“Bu günə qədər dəfələrlə sübuta yetirilib ki, Azərbaycan nəinki regionda, həm də bütün dünyada daimi sülhün və sabitliyin təmin olunmasının tərəfdarı olaraq çıxış edib və bu siyasətin mahiyyəti, mühümlüyü Prezident İlham Əliyev cənablarının bir çox çıxışlarında vurğulanıb. Eyni zamanda, Azərbaycan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir”. Bu fikirləri tanınmış iş adamı, sahibkar Emil Səməndərov son vaxtlar Qarabağ regionunda erməni separatçılarının təxribatçı əməlləri və Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verərək strateji yüksəklikləri azad etmələri barədə danışarkən deyib.
Onun sözlərinə görə, bütün bunların arxasında Ermənistan və bu ölkənin havadarları dayanır. Eyni zamanda, təxribatlarını davam etdirmələri ilə hələ də ərazilərimizə qarşı iddialar irəli sürən bu dairələr əvvəl-axır özlərini məhvə doğru sürükləyəcəklər: “44 günlük Vətən müharibəsi də bu reallığı sübuta yetirib. Görünür, aldıqları dərslərindən hələ də doğru nəticə çıxara bilməyən düşmənə bu dəfə son zərbənin vurulması zamanı çatıb və şübhə etmirik ki, şanlı Azərbaycan Ordusu və xalqımız hər zaman olduğu kimi, indi də vahid “Dəmir yumruq” altında sıx birləşib. Bütün dünya görür və bilir ki, qəbul olunmuş üçtərəfli bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır”.
“Təəssüf ki, onlar bu günə qədər öz öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatlarını daha da artırıb”, deyən Emil Səməndərova görə, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir: “Bu gün azad edilmiş torpaqlarımızda sürətli və irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Düşmən isə bu reallıqları həzm edə bilmir və görünür, Azərbaycanın apardığı uğurlu işlərinə kölgə sala biləcəyini hesab edir. Amma yanılır. Və biz inanırıq ki, azad edilmiş ərazilərimizlə yanaşı, separatçı qalıntılarından təmizlənəcək digər torpaqlarımızda da tezliklə abadlıq-quruculuq, bərpa işlərinə başlanılacaq. Biz iş adamları da hər zaman dövlətimizin, ölkəmizin tərəqqisi və inkişafı üçün öz əməyimizi, gücümüzü, bütün imkanlarımızı sərf etməyə hazırıq. Əgər dövlətimiz biz sahibkarlar üçün bütün imkanları, şəraitləri yaradırsa, biz də dövlətimiz qarşısında üzərimizə düşən məsuliyyətimizi icra etməliyik. Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri örnək bizim üçün ən ali məqsədləri ehtiva edir. Onların mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmələri, habelə sahibkarları bərpa-quruculuq işlərinə dəvət etmələri də artıq qarşımızda yeni məqsədlərə yol açır. Biz, Azərbaycan dövlətinin, xalqının inkişafı, tərəqqisi naminə gecə və gündüz, yorulmadan fəaliyyətimizi davam etdirməyimizlə yanaşı, həm də bir vətəndaş olaraq hər zaman dövlət başçımızın ətrafında sıx birləşib, Azərbaycanımızın növbəti qələbələrə doğru inamla irəliləməsində əlimizdən gələnləri əsirgəməyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB