"Bakı Qida Hakatonu" keçirilib - FOTOLAR

Noyabrın 28-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa səfirləri və Aİ-nin maliyyələşdirdiyi Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “AgriVision” layihəsi ilə birlikdə təşkil edilən “Bakı Qida Hakatonu” keçirilib. SİA xəbər verir ki, hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır.

Tədbir ölkədə mühüm sahələrdən biri sayılan kənd təsərrüfatının dəstəklənməsinə yönəldilib.

İki günlük tədbirin məqsədi - Bakıda İT və startap icmalarının nümayəndələrini regionlardan olan Qida məhsulları istehsalçıları ilə bir araya gətirərək, aqroturizm və yerli ərzaq məhsulları istehsalı ilə bağlı ən vacib problem və imkanlar barədə iştirakçıları məlumatlandırmaq idi.

İştirakçı komandalara dəstək və kömək üçün yerli və xarici təcrübəli mentorlar tədbirə cəlb olunub.

Avropa İttifaqının gənclərin inkişafına böyük önəm verdiyini vurğulayan Aİ-nin Azərbaycan səfiri Peter Mixalko belə deyib: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır və çoxlu sayda kiçik istehsalçılarla səciyyələnir. Biz hökumətin kiçik istehsalçıları miqyas iqtisadiyyatına nail olmaq, məsləhət xidmətləri göstərərək bacarıqlarını artırmaq və maliyyəyə çıxışı asanlaşdırmaq üçün əməkdaşlığa və birgə işləməyə təşviq edən səylərini dəstəkləyirik. Mən gənclər tərəfindən kənd təsərrüfatı mövzularına bu qədər böyük maraq göstərdiklərini və onların mövcud potensialdan istifadə edərək öz ideyaları vasitəsilə problemlərə innovativ həllər tapmağa töhfə verə biləcəklərini görməkdən çox şadam”.

Qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçib, münsiflər arasında “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, Aqrar Kredit və İnkişaf Agentliyin (AKİA) sədr müavini Cəfər Məhərrəmov, Aqrar İnnovasiya Mərkəzinin (AİM) direktor müavini Anar Cəfərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova olub.

Qalib komanda 5000 avro, ikinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3000 avro və 1000 avro qazanıb.

Qeyd edək ki, müraciət formasını ümumilikdə 144 nəfər doldurmuş və onlardan ümumilikdə 55 nəfər olmaqla 13 komanda seçilmişdir. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların təcrübəli olması, təklif edilən həll yollarının innovativ və təsir gücünün real olması kimi meyarlar əsas götürülüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə