İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman verib.

Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.76-cı yarımbəndindən “İqtisadiyyat Nazirliyi,” sözləri çıxarılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.76-cı yarımbəndi Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən, Böyükşor gölünün reabilitasiyasını nəzərdə tutur.

Bu işlərin icrası ilə məşğul olan qurumlar İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC nəzərdə tutulurdu.

Dəyişikliyə görə, İqtisadiyyat Nazirliyi bu siyahıdan çıxarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...