Azərbaycanda iqtisadiyyatın diversifikasiya edilməsi məqsədilə qeyri-neft sektorunun inkişafı hökumət tərəfindən əsas prioritet elan edilib. Bu məqsədlə bir sıra sahələrə, o cümlədən aqrar sektora maliyyə dəstəyinin verilməsi üçün bəzi addımlar atılıb. Kiçik və orta sahibkarlığın inkişafına yardım üçün güzəştli kreditlərin və subsidiyaların verilməsi təşkil olunub. Fermerlər bir sıra vergilərdən azad olunub və güzəştli qiymətə kübrə və texnika ilə təmin olunur. Lakin bu sahənin daha sürətli və kompleks inkişafı üçün bəzi digər tədbirlərə də ehtiyac var.
Regionların ÜDM-də və büdcədə payı “Bakı-Abşeron”dan azdır
Qeyd edək ki, Azərbaycanda iqtisadiyyatın və ixracatın diversifikasiya olunmasına təsir göstərə biləcək 20-dən artıq qanun qəbul edilib. Bundan başqa, bəzi dövlət proqramları təsdiq olunub, müxtəlif fondlar yaradılıb.
Bu tədbirlərin əsas məqsədi kimi ölkədə qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafın təmin olunması elan edilib.
Diversifikasiya proqramı ixrac yönümlü qeyri-neft sektorunun inkişafını hədəf kimi götürüb. Buraya kənd təsərrütatı məhsulları istehsalı, yeyinti sənayesi, balıqçılıq, tütünçülük də daxil edilib. Lakin həyata keçirilən dövlət proqramlarına baxmayaraq, ölkə iqtisadiyyatında regionların çəkisi əhəmiyyətli dərəcədə artmayıb.
Kömrük Komitəsinin idxalla bağlı açıqladığı rəqəmlər ölkəyə ərzaq məhsullarının gətirilməsinin artdığını göstərir. Bu da aqrar sektorda bəzi sahələr üzrə istehsalın azaldığını göstərir.
Ölkə ərazisinin təxminən 2,5 faizini təşkil edən Bakı-Abşeronda ÜDM-in ən azı 70 faizi formalaşır. Bu zonanın büdcə daxilolmalarında payı digər iqtisadi rayonlar üzrə ümumi daxilolmalardan dəfələrlə çoxdur. Regionların büdcə daxilolmalarında payı 10 faizi keçmir.
Sektorial diversifikasiya da reallaşmayıb. İxracın 90%-dən çoxu, ÜDM-in və büdcənin büdcənin 3/4-ü neft-qaz sektorunun bazasında formalaşır ki, bu da arzuolunan vəziyyət deyil.
İdxaildan asılılığı ləğv etmək üçün imkanlardan tam istifadə edilməyib
Son dövrlərdə görülən bütün tədbirlərə baxmayaraq, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması problemi tam həll olunmayıb. Ən müxtəlif qiymətləndirmələrə görə, hazırda əhalinin ərzaq istehlakının ən azı 40%-i idxal hesabına formalaşır. Halbuki, respublikanın təbii-iqlim şəraiti, məşğulluq baxımından əhalinin tarixi ənənələri aqrar sektorun həm idxalı əvəzləyən, həm də ixrac yönümlü sektor kimi inkişafını şərtləndirir. Təəssüf ki bu sahədə aparılan siyasət hələ öz nəticələrini verməyib.
İqtisadi fəal əhalinin əhəmiyyətli hissəsinin gəlir mənbəyi aqrar sektordur. Rəsmi statistik məlumata görə, hazırda kənd təsərrüfatının ümumi məşğulluqda payı 40% təşkil edir. Aqrar sektor həm ixrac, həm də iqtisadi diversifikasiya üçün böyük potensialı olan sahədir. Bu sektor istər birbaşa istehlaka gedən ərzaq məhsulları, istərsə də emal sənayesi üçün birbaşa xammal bazasıdır. Təəssüf ki, bu potensialdan yararlana bilmirik.
Aqrar sektorda kadr məsələsi çox vacibdir

Qlobal iqlim dəyişiklikləri nəticəsində və pandemiya dövründə yaranmış çətinliklərlə bağlı, iqtisadiyyatın diversifikasiyasında əsas prioritetlərdən elan edilən aqrar sektor hələ də ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək gücə yetişməyib.
Digər ölkələrdən fərqli olaraq, bizdə texniki bitkilərin əkinləri üzrə məhsuldarlıq xeyli aşağıdır. Taxıl, pambıq, tütün, üzüm, barama kimi sahələrdə daha çox məhsul əldə etməyə imkan var. Bu işə elmi yanaşma tələb olunur.
Burada müxtəlif fakorların rolu vardır. Onlardan biri də kadr məsələsidir. Aqrar sahəyə yaxşı mütəxəssislər rəhbərlik etməlidir, aqrotexniki qaydaları bilən, ərazilərin coğrafiyasına uyğun sahələrin inkişafına töhfə verən savadlı kadrlara ehtiyac böyükdür.
Gəncədəki Aqrar Universitetdə belə kadrların hazırlanması işi təşkil edilib, amma bu işi daha da genişləndirmək lazımdır.
Bundan başqa, subsidiyaların idarə olunmasında peşəkarlıq da vacibdir. Qəbul olunan proqramların, dövlət yardımlarının səmərəli və düşünülmüş şəkildə tətbiqi yaxşı effekt verərdi. Bu da kadrlarla bağlı olan məsələdir. Bu sahədə uğur qazanmış ölkələrin təcrübəsindən istifadə edilməlidir.
Aqrar sahədə istehsal potensiala adekvat deyil
Beləliklə, aqrar sektorun ÜDM-də, ixracda çəkisinin xeyli az olması və ölkəyə ərzaq idxalının artması onu deməyə əsas verir ki, bu sahədə həll olunması vacib ciddi problemlər var. Ölkədə kənd təsərrüfatına yararlı torpaqlar 4,7 milyon hektar, əkin torpaqları 1,6 milyon hektar təşkil edir.
KTN-nin məlumatlarına görə, bu qədər sahədən 3 milyon tona yaxın dənli və paxlalı bitkilər, 2,5 milyon tondan artıq tondan artıq meyvə-tərəvəz, 1 milyon tona yaxın kartof, 150 min ton üzüm, 175 min ton şəkər çuğunduru, 350 min tona yaxın pambıq əldə olunur.
İribuynuzlu mal-qaranın sayı 3 milyona yaxın, xırda buynuzlu heyvanlar 9 milyona yaxın, quşlar 25 milyon başa yaxın təşkil edir. Bunun müqabilində 250 min ton ət, 1,7 milyon ton süd, 1,1 milyard ədəd yumurta istehsal olunur.
Ekspertlərin ümumi fikrincə, istehsal mövcud potensiala adekvat deyil. Halbuki, bu sahəyə daha güclü dəstək göstərilsə və burada korrupsiya halları aradan qaldırılsa, daha yüksək nəticələr əldə etmək olar. Bundan başqa, fondların fermerlərə kredit dəstəyi artırılmalı, investisiyalar regionlar və sahələr üzrə, həmçinin sahələr üzrə düzgün bölünməlidir.
Aqrar sektorda məhsuldarlığın artması, dolayı yolla digər sahələrin də inkişafına kömək göstərəcək. Aqrar-sənaye, yüngül sənaye sahələri daha çox inkişaf edəcək. Son nəticədə, həm idxaldan asılılığımız azalacacaq, həm ÜDM artacaq, həm də qeyri-neft sektorunun inkişafına təkan olacaq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB