Mərkəzi Bank fırıldaqçılıq əməliyyatlarını diqqətdə saxlayır

Mərkəzi Bank ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırılmasını və fırıldaqçılıq hallarının qarşısının alınmasını prioritet hədəflərindən hesab edir və daim diqqət mərkəzində saxlayır.

SİA Azərbaycan Mərkəzi Bankının “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Ödəniş kartları ilə baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında statistik hesabat” formasında (Forma ÖS-11) Azərbaycanda emissiya olunmuş ödəniş kartları ilə baş vermiş ölkədaxili və ölkəxarici, həmçinin qeyri-rezident təşkilatlara məxsus ödəniş kartları ilə ölkədaxili ödəniş xidməti şəbəkəsində baş vermiş fırıldaqçılıq əməliyyatları haqqında məlumatlar 2013-cü ildən etibarən Mərkəzi Bank tərəfindən rüblük əsasda toplanılır və təhlil edilir.

Həmçinin, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na uyğun olaraq emitent banklara və kart məlumatlarının emalı ilə məşğul olan təşkilatlara ödəniş kartları ilə aparılmış şübhəli əməliyyatların real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması, bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatının olması, kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinqin həyata keçirilməsi, kart istifadəçilərini eyniləşdirən məxfi məlumatların qanunsuz açıqlanmasının qarşısının alınması üzrə daxili prosedur qaydaların olması və bu qaydalarda nəzərdə tutulan minimum müddəalara dair tələblər müəyyən edilibdir.

Bundan əlavə, müxtəlif illərdə maliyyə bazarlarına nəzarət qurumları tərəfindən banklara ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması üzrə tövsiyələr, elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərlik də banklara göndərilmişdir.
Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupu çərçivəsində banklarla ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması sahəsində fəaliyyətin koordinasiyası, baş verən fırıldaqçılıq əməliyyatlarının və bu sahədə mümkün təhdidlərin müzakirəsi, bank sektorunda ümumi preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə mütəmadi əsasda görüşlər keçirməkdədir.

Eyni zamanda, davamlı olaraq müxtəlif əhali qrupları arasında ödəniş kartlarından təhlükəsiz istifadənin təbliğ edilməsi, maliyyə savadlılığının artırılması, rəqəmsal ödənişlər haqqında zəruri biliklərin verilməsi və bununla da fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə seminar və təlimlər təşkil olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə