"Azərbaycan qazı Aİ-nin enerji bazarına çıxarılmaqdadır" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemində iştirak edən bütün subyektlərlə əməkdaşlıq edərək, münasibətlərini inkişaf etdirsin. Müvafiq olaraq, Avropa İttifaqı ilə də Azərbaycan arasında kifayət qədər konstruktiv münasibətlər mövcuddur. Ayrıca olaraq Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə daim inkişafda olan əməkdaşlıq istiqamətləri haqqında danışmaq üçün əsas var. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionunda həyata keçirilən strateji enerji və nəqliyyat layihələrində Avropa İttifaqına üzv olan ölkələrin yaxından maraqları mövcuddur. Avropa İttifaqı üçün prioritet məsələ vahid enerji bazarının yaradılmasından və enerji təhlükəsizliyinin etibarlı təmin edilməsindən ibarətdir. Azərbaycan dövlətinin bu istiqamətdə olduqca təsirli rolu var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, energetika sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında çox geniş əməkdaşlıq əlaqələri hökm sürür: “Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın birbaşa iştirakı ilə həyata keçirilən enerji layihələrinin olduqca təsirli rolu var. Cənubi Qafqaz dəhlizinin tamamlanması Avropa enerji təhlükəsizliyinin təmin olunması sahəsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir”.
“Bildiyimiz kimi Avropa İttifaqı Cənubi Qafqaz dəhlizi layihəsinin həyata keçirilməsində yaxından maraq göstərilib. Artıq Azərbaycan qazı Cənubi Qafqaz dəhlizi vasitəsilə Avropa İttifaqının enerji bazarına çıxarılmaqdadır. Bu da təbii ki, həm iqtisadi, həmdə ki, siyasi münasibətlərin xarakterinə müsbət təsir edən mühüm amildir”.
Politoloq sözlərinə belə davam edib: “Xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı və buraya üzv olan doqquz ölkə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilə mövcuddur. Bu da Avropa İttifaqına üzv olan ölkələrin üçdə birini təşkil edir. Bütövlükdə Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin ümumi xarakteri haqqında da aydın təsəvvürlər formalaşdırır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsini ehtiva edəcək sənədin imzalanması məsələsi müzakirə obyekti olub. Bu da Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər sisteminin yeni elementlərinin meydana gəlməsini şərtləndirəcək”.
“Onu da qeyd etmək istərdim ki, Azərbaycan bütün beynəlxalq sistem iştirakçıları üçün cəlbedici olduğu kimi, Avropa ittifaqı üçün də eyni mövqedədir. Azərbaycan həm əməkdaşlıq, həm də siyasi münasibətlərin inkişaf etdirilməsi üçün hərtərəfli potensiala malik bir ölkədir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanla həm siyasi, həm də ki, iqtisadi müstəvidə əməkdaşlığının genişlənməsində maraqlıdır və bu marağını inkişaf etdirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB