Dolların qiyməti yenidən qalxır? MÜSAHİBƏ

SİA beynəlxalq ekspert Asif İbrahimovun müsahibəsini təqdim edir:

- Bu yaxınlarda ölkə başçısının və ailəsinin Şuşada "Xarı Bülbül" festivalında iştirakı ilə bağlı bəzi nüanslara toxunmanızı istərdim. Ümumiyyətlə bu möhtəşəm festivalın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, 1992-ci ilin may ayının 8 - də Şuşa erməni qəsbkarları tərəfindən işğal olunub. Vətən müharibəsində 8 noyabr tarixində bizim Şanlı ordumuz Şuşada Zəfər bayrağımızı sancaraq qələbə çalıb və bizə bir daha o yerlərə getməyi nəsib edib. “Xarı Bülbül” festivalının may ayında keçirilməsi heç də təsadüfi deyil. Çünki may ayında Şuşa bizdən qopardılıb. "Xarı Bülbül" festivalının Cıdır düzündə keçirilməsi milli birlik vəhdət günü kimi yaddaşlarda qalıb. Ondan başqa, Vətən müharibəsinin qaziləri dəvət olunub. Eyni zamanda mədəniyyət, sənət nümayəndələri də iştirak edirdi. Xüsusilə, orada, "Bayatı", "Şur" muğamı səsləndirildi. Şuşa nəhayət, öz sahiblərinə qovuşub.

- Ermənistanın bu məsələyə mövqeyi necə idi?

- Təbii ki, onlar sosial şəbəkələrdən, kütləvi informasiya vasitələrindən bu festivala qara yaxmağa və təxribat törətməyə çalışırdılar.

- Ölkə başçısı yeni infrastruktur layihələrinin əsasını qoydu. İstər yeni tikiləcək məscid binası, təhsil kompleksi və digərləri iqtisadi göstəricilərimizə nə kimi təsir edə bilər?

- Təbii ki, bilirik ki, Şuşa mədəniyyət şəhəridir. Şuşa hər zaman turizm potensialı yüksək olan şəhər olub. Təhsil kompleksinin açılışı orada yaşayan insanlar üçün infrastrukturun inkişaf etdirilməsi ilə bağlı əlverişli şərait yaradıb. Orada elektrik stansiyasının və məscidin təməli qoyulub. Erməni mətbuatında bu dəfələrlə işıqlandırılır ki, Azərbaycan işğaldan azad edilmiş torpaqları çox sürətlə bərpa etməyə çalışır.

- Ermənistan, Azərbaycan və Türkiyənin kommunikasiyalarda birgə iştirakı və yaxud da bu kommunikasiyalardan Ermənistanın faydalanması gələcəkdə iqtisadi göstəricilər tərəfindən hansı irəliləyişlərə səbəb ola bilər?

- Bildiyiniz kimi, Ermənistan hal-hazırda həm iqtisadi, həm siyasi böhran içərisindədir. Ermənistan 44 günlük Vətən müharibəsində çox böyük itkilərə məruz qalıb, eyni zamanda iqtisadi itkilərə də. Ermənistanda istehlak olunan 150 - 200 min ton taxıl miqdarı var onun 150 tonu Qubadlı, Zəngilanda yetişdirilib oradan cəlb olunub. İki iqtisadi rayon mövcuddur: Yuxarı Qarabağ və Kəlbəcər - Laçın iqtisadi rayonları. Bu rayonlardan Ermənistan xammal ehtiyatları ilə yanaşı, eyni zamanda heyvandarlıqla da məşğul idi. Ermənistanın xarici borcu dövlət büdcəsindən təqribən iki dəfə çoxdur. Ermənistan bir çox infrastruktur lahiyələrdən kənarda qalmış dövlətdir. Ölkə başçısının dediyi kimi biz aparılan siyasət nəticəsində Ermənistanı dalana çevirdik. Zəngəzur dəhlizinin açılması həm Azərbaycan üçün iqtisadi əhəmiyyətə malikdir, həm də Ermənistan üçün. Azərbaycan artıq Avropa ilə Asiyanı birləşdirən yeni bir damardır, Türk dünyasını birləşdirən bir qoldur. Türk dünyası da 300 milyon əhalisi olan bazardır. Bu baxımdan çox önəmli həm strateji, həm iqtisadi əhəmiyyətə malikdir. İranla uzun müddətdir dəmir yolu lahiyəsi üzərində çalışırlar.

- Ümumiyyətlə bu gün Qarabağın inkişafı üçün hansı işlərin görülməsi vacibdir?

- Qarabağ çox zəngin tarixi, mədəni irsə malik bir regiondur. Orada iki iqtisadi rayon var, həmin o rayonlar hər bir resursları ilə təmin olunmuş ərazilərdir.

- Dolların qalxmaq ehtimalı var?

- Dollarla bağlı hal-hazırda stabil vəziyyət qalacaq. Bunu demək çətin olsa da, üzən məzənnəyə hələ də keçə bilməmişik. Üzən məzənnəyə keçmək üçün özünəməxsus bazar iqtisadiyyatı şəraiti olmalıdır ki, vəziyyətə uyğunlaşmaq mümkünləşsin. Düşünürəm ki, bu Mərkəzi Bankın qərarından asılıdır. Dollarla bağlı fərq olacağını düşünmürəm. Ən azından sentyabr ayına kimi bu hal davam edəcək.

- Mənzillərin və torpaq sahələrinin baha olması nədən qaynaqlanır? Faiz nisbəti niyə bu qədər yüksəkdir? Sadələşdirilmiş kredit mexanizmi tətbiq etmək olmaz?

- Bank sektoru ilə bağlı bəzi işlər aparılmalıdır. Bizdə tək şəxsiyyət vəsiqəsi ilə evdən çıxmadan kredit əldə etmək olur. Rəqabət mühitini artırmaq lazımdır.

- Ölkə iqtisadiyyatını daha da artırmaq üçün nə kimi işlər görülməlidir?

- Burda da kompleks işlər görülməlidir. İlkin olaraq hökümətin təşkilat sturukturunda dəyişiklik olmalıdır. Məsələn, mən düşünürəm ki İcra Hakimiyyətləri ləğv edilməlidir. Daha rahat və sadə idarə olunan modelə keçirilməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə