Rusiyanın banklararası ödəniş sistemindən kənarlaşdırılması realdırmı?

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynaya səfəri zamanı Rusiyanın SWIFT banklararası ödəniş sistemindən kənarlaşdırılması ehtimalını gündəmə gətirib. Qeyd edək ki, dövlət katibinin bu ehtimalı Vaşinqtonun Rusiya təcavüzünə cavab vermək üçün bütün ağlabatan variantları nəzərdən keçirdiyinə şübhə yeri qoymur. Bildirək ki, bir çox siyasi maşahidəçilər belə bir ehtimalın reallaşmasını Rusiyanın SSRİ-nin dağılmasına bənzər hadisə ilə qarşılaşması ilə eyniləşdirir. Yəni bu halda Kremlin yeni ciddi sanksiyalarla qarşılaşacağı qaçılmazdır.

Xatırladaq ki, Qərb Rusiyaya qarşı SWIFT-dən ayrılma kimi sərt bir tədbirin tətbiq edilməsini hələlik təxirə salır.

Maraqlıdır ki, siyasi maşahidəçilərin iddiasına görə, artıq Moskva da bunu anlamağa başlayıb.

Amma “təxirə salma”nın özündə də bəzi müəmmalar gizlənməkdədir. Hər şeydən əvvəl bildirək ki, Rusiyanı SWIFT-dən ayırmaq ruslar üçün həddindən artıq bir “cəza” olsa da, amma məsələ bundadır ki, bu “cəza”dan Avropa özü də əziyyət çəkə bilər.

Təsəvvür edin, hər hansı bir dövlət SWIFT bank sistemindən ayrılarsa, bu halda, həmin ölkəyə pul nə daxil, nə də həmin ölkədən xaric edilə bilər. Belə olan halda Rusiya şirkətləri ilə işləyən avropalılar qarşı tərəfdən pulları hansı yolla əldə edə biləcəkləri də sual altında qalır?

Bundan əlavə, yenə də təsəvvür edin ki, rusların neft və qazının dünya bazarlarına tədarükü ilə əlaqədar sanksiya tətbiqi Qərbdə hansı fəsadları törədə bilər? Axı, Avropanın əksər ölkələri neft və qazı məhz Rusiyadan alır. Doğrudur, ehtiyatda ərəb ölkələrin eyni adlı məhsulları dayansa da, amma bu məhsulları Avropaya çatdırmaq əlavə xərclərlə yanaşı, xeyli vaxt da tələb edir.

Amma bütün bu deyilənlərə baxmayaraq, Rusiyanın hərbi qüvvələrini Ukrayna sərhədlərindən çıxarması səbəbindən bu günə qədər deyilən sanksiyalar, yəni rusların banklararası ödəniş sistemindən kənarlaşdırılması barədə danışıqların təxirə salındığı bildirilir.

...Yeri gəlmişkən bildirək ki, Rusiya üçün SWIFT sistemindən kənarlaşdırılmaq bu ölkə iqtisadiyyatının tamamilə sıfırlanması demək ola bilər və rus iqtisadçılarının da etirafına görə, bu hal ölkədə dərhal baş verə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə