"Hökumət manatın məzənnəsi ilə bağlı inzibati qərar qəbul edə bilər" ÖZƏL - AÇIQLAMA
"Azərbaycanda məzənnə istənilən dalğalanmalardan özünü siyasi və inzibati qərarlarla qoruyur. Ona görə də, dünyada gedən proseslərin Azərbaycan manatına hansısa birbaşa təsirinin olacağını düşünmürəm. Manatın dollar qarşısında ucuzlaşması, ümumiyyətlə, mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli, dünyada ABŞ dollarının ucuzlaşması fonunda bunun Azərbaycanda AZN/USA Dollar məzənnəsinə necə təsir edəcəyindən danışarkən deyib.
Onun sözlərinə görə, dünyada dollar indeksinin azalmasının əsas səbəbi dünya iqtisadiyyatında, o cümlədən, ABŞ iqtisadiyyatında baş verən proseslərdir: "ABŞ iqtisadiyyatında ciddi dağılmalar müşahidə olunur. Açığı, ABŞ Federal Rezerv Sistemi və mərkəzi hökumətin özünün marağı var ki, dollar indeksi, dolların digər valyutalara nisbətən məzənnəsi bir az ucuzlaşsın. Çünki, ixracatçı ölkələr öz valyutalarının ucuzlaşmasından həmişə udurlar. ABŞ da ən böyük ixracatçı ölkələrdən biridir. ABŞ dolları ucuzlaşdıqca əsas ticarət portnyorları olan Avropa birliyi ölkələrinin valyutası, yəni, avro qarşısında ucuzlaşdıqca Amerikadan mal sifarişləri və ixracat artır. Ona görə də bu Amerika üçün elə də təhlükəli hal deyil. Əksinə mən düşünürəm ki, iqtisadiyyata müəyyən pozitiv təsirləri də var".
Dolların ucuzlaşmasının Azərbaycan manatına olan münasibətindən danışan iqtisadçı bildirib ki, Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir, yəni, ölkəmizdə dünya birjalarında gedən proseslərin birbaşa əksi görünmür: "Azərbaycanda məzənnə sistemi inzibati qaydada Mərkəzi Bank və hökumət tərəfindən qəbul edilən qərarla tənzimlənir. Son 3 ilə yaxındır ki, məzənnə sabitdir. Yəni, istənilən dalğalanmalardan özünü siyasi və inzibati qərarlarla qoruyur. Ona görə də, dünyada gedən proseslərin Azərbaycan manatına hansısa birbaşa təsirinin olacağını düşünmürəm. Manatın dollar qarşısında ucuzlaşması, ümumiyyətlə, mümkün deyil. İndiki iqtisadi şəraitdə və neft qiymətlərinin aşağı düşməsi fonunda ən azından birbaşa təsirlərin olmayacağını indidən söyləmək olar".
Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın Mərkəzi Bankı və hökumət manatın məzənnəsi ilə bağlı müəyyən bir qərar verməlidir: "Çünki, ətraf ölkələrin, yəni, bizimlə qonşu və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının zəifləməsi (hazırda türk lirəsi, rus rublu zəifləyib) Azərbaycan manatının isə indiki səviyyədə qalması bizim ixracat potensialımıza mənfi təsir göstərir, idxalı isə stimullaşdırır. Ona görə də, hökumət ilin sonuna qədər inzibati qərar verə bilər və bu qərarla manatın məzənnəsində müəyyən dəyişikliklərə gedilə bilər. Lakin, çox güman ki, manatın bahalaşması yox, ucuzlaşması müzakirə obyekti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB