"Gömrüklə bağlı qərar onlayn alış-verişə mənfi təsir göstərəcək" ÖZƏL - AÇIQLAMA

"Gömrüklə bağlı qərar onlayn alış-verişə mənfi təsir göstərəcək" ÖZƏL - AÇIQLAMA

"Pandemiya dövründə insanların çoxu internet vasitəsilə, onlayn qaydada alış-verişlərini həyata keçirirlər. Bu qərarın verilməsində əsas məqsəd insanlar məhsulu xaricidən almasının əvəzinə daha çox ölkədaxilində olan məhsullara yönəlməsini təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na bu günlərdə edilən dəyişiklikləri şərh edərkən deyib.

Onun sözlərinə görə, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb və şəxsi istehlakla bağlı isə ümumi gömrük dəyəri 300 ABŞ dolları kimi təyin edilib:

"Elə əşyalar var ki, insanlar onları xüsusilə şəxsi istifadəsi üçün alırlar. Məsələn, araşdırmalar aparan alim, xarici bir ölkədən vətənə qayıdarkən 3-4 kitab alır. Bu kitablar elə 300 ABŞ dollarından daha çox edir. Bu şəxs məcbur qalaraq ya həmin 3-4 kitabı hissə-hissə ayrı vaxtlardan sərhəddən keçirtməlidir, ya da həmin kitablara görə məcburən əlavə gömrük vergisi verməlidir. Bugünkü şəraitdə, iqtisadi əlaqələrin genişləndirilməsi fonunda, həmçinin, internet erasındavə dünyanın onlayn alış-verişə üstünlük verdiyi bir dövrdə belə bir qərar internet və onlayn satışın qabağını ala bilər. Çünki, pandemiya dövründə insanların çoxu internet vasitəsilə, onlayn qaydada alış-verişlərini həyata keçirirlər. Bu qərarın verilməsində əsas məqsəd insanlar məhsulu xaricidən almasının əvəzinə daha çox ölkədaxilində olan məhsullara yönəlməsini təmin etməkdir. Əslində, bu, dövlət üçün vergidən daxilolmaların artması baxımından gəlir əldə olunması deməkdir. Yəni, dövlət gəlirləri üçün müsbət bir qərardır. Lakin, sadə vətəndaşların və istehlakçıların bir qədər ziyanına olan bir məsələdir".

Bu qərarın özünü doğrultması məsələsinə gəldikdə isə iqtisadçı bildirib ki, insanlar sivil qaydada öz bu qərarla bağlı öz fikir və təkliflərini bildirdikləri halda qərara yenidən baxıla bilər: "Təbii ki, qərara yenidən baxılması mümkündür. Əslində, bu günə qədər bəzi qərarlara insanların fikirləri nəzərə alınaraq yenidən baxılıb. İnsanlar sivil şəkildə sosial şəbəkələr və ya digər platformalardan istifadə edərək məsələ ilə bağlı fikilərini bildirə bilərlər".

"İqtisadi Resursların Öyrənilməsi" İB-nin rəhbəri əlavə edib ki, bu qərar pandemiya dövründə onlayn alış-verişin qarşısını alacaq və bu xarici ölkələrdən alış-verişə mənfi təsir göstərəcək: "Vergi və gəlir baxımından düşünsək təbii ki, bu dövlətin lehinə olan bir qərardır. Lakin, sadə vətəndaşların baxımından düşünsək bu onlar tərəfindən müsbət qarşılanmaya bilər. Çünki, pandemiya dövründə insanların çoxu internet vasitəsilə, onlayn qaydada alış-verişlərini həyata keçirirlər. Bu qərar insanların məhsulu xaricidən almasının müəyyən qədər qarşısını ala bilər".

Qeyd edək ki, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 1500 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad idisə, indi bu rəqəm 800 dollara salınıb. Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. Bu məbləğ indiyə qədər 1000 ABŞ dolları idi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə