"Kafe və restoranlar fəaliyyət göstərəcək, amma..." ÖZƏL - AÇIQLAMA

"Kafe və restoranlar ictimai iaşə sektorunda məşğulluluğun təmin edilməsi baxımından çox vacibdir. Ona görə də onların fəaliyyətə başlaması müəyyənləşmiş standartlar çərçivəsində həyata keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, epidemioloji vəziyyət nəzərə alınaraq iqtisadiyyatın mərhələli şəkildə açılmasının tərəfdarıyıq və Mərkəzi Şərqi Avropa ölkələrində, eləcə də bir sıra Qərbi Avropa ölkələrində olduğu kimi kafe və restoranların fəaliyyətinin müəyyənləşmiş yeni standartlar çərçivəsində fəaliyyətə başlamasını məqsədəuyğun hesab edirik: "Çünki, nəticə etibarilə kafe və restoranlar ictimai iaşə sektorunda məşğulluluğun təmin edilməsi baxımından çox vacibdir. Ona görə də onların fəaliyyətə başlaması müəyyənləşmiş standartlar çərçivəsində həyata keçiriləcək. Bu standartlar artıq xeyli müddətdir ki, Avropa ölkələrində tətbiq olunur. 2 metrlik məsafənin gözlənilməsi, elektron menudan istifadə edilməsi, eyni zamanda, paralel vaxtda restoranda müştərilərin sayının məhdudlaşdırılması, bir masa arxasında oturan müştərilərin sayının məhdudlaşdırılması kimi standartlar var. Bu da təbii ki, nəticə etibarilə bir tərəfdən imkan verir ki, kafe və restoranların fəaliyyəti bərpa olunsun, digər tərəfdən isə həmin standartların tətbiq edilməsi nəticəsində yoluxma sayının tənzimlənməsinə, bu tip halların minimumlaşdırılmasına gətirib çıxara bilsin".

Millət vəkilinin sözlərinə görə, iqtisadiyyatın mərhələli şəkildə yenidən açılımı vacibdir, çünki, bu həm iqtisadi inkişafın mərhələli şəkildə bərpa edilməsi, eyni zamanda məşğulluğun, iş yerlərinin təmin edilməsi baxımından daha vacib hesab olunur: "Ona görə də, konkret olaraq inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq, standartların tətbiq edilməsi yolu ilə kafe və restoranların fəaliyyətinin bərpa edilməsi məqsədəuyğundur. Güman edirəm ki, bu iqtisadiyyatın yenidən açılmasında yeni bir mərhələ ola bilər".

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə