"Bu addım ailə büdcəsinin formalaşmasına müsbət təsirini göstərəcək" ÖZƏL - AÇIQLAMA

"Qeyri-ərzaq mağazalarının fəaliyyətə başlaması vətəndaşlarımızın məşğulluğunun təmin olunması deməkdir. Bu sahədə fəaliyyət göstərən vətəndaşlarımızın əməkhaqqı alması ailə büdcəsinin formalaşmasına müsbət təsirini göstərəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Aydın Hüseynov qeyri-ərzaq mağazalarının fəaliyyətə başlamasının ölkə iqtisadiyyatına faydaları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, hansısa sahədə iqtisadi fəaliyyət varsa bu iqtisadi səmərə deməkdir və bu, öz bəhrəsini verəcək: "Qeyri-ərzaq mağazalarının fəaliyyətə başlaması vətəndaşlarımızın məşğulluğunun təmin olunması deməkdir. Digər tərəfdən dövlətin yükünün də müəyyən dərəcədə azalması deməkdir. Qeyri-ərzaq sektorunun böyük "mall"lar və ticarət mərkəzləri istisna olmaqla fəaliyyətə başlaması həm də vergi ödənişləri baxımından büdcə gəlirlərinə öz müsbət təsirini göstərəcək. Bu sahədə fəaliyyət göstərən vətəndaşlarımızın əməkhaqqı alması ailə büdcəsinin formalaşmasına müsbət təsirini göstərəcək. Lakin bununla belə biz ciddi şəkildə elə etməliyik ki, bu iş yerlərinin fəaliyyətə başlaması sonda yoluxmaların sayının çoxalmasına gətirib çıxartmasın. Başlıca məqsəd bu sahələrin fəaliyyətə başlaması ilə yanaşı ciddi şəkildə pandemiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynayan tələblərə riayət olunması çox vacibdir".

Alış-veriş mərkəzlərinin açılması məsələsinə münasibət bildirən millət vəkili qeyd edib ki, hazırda atılan addımlar çox düzgündür və iri ticarət mərkəzlərinin və "mall"ların açılmasını gözləmək hələ ki, tezdir: "Çünki, bu obyektlərdə insanların izdihamı yarana bilər. Biz tam şəkildə əmin olmalıyıq ki, pandemiyanın yayılmaması üçün qarşıya qoyulan tələblərə riayət olunacaq. Eyni zamanda vətəndaşlarla yanaşı həmin obyektlərdə fəaliyyət göstərən sahibkarların məsuliyyət dərəcəsinə tam əmin olmadan bu kimi proseslərə getmək hələ ki, tezdir. Sadəcə prosesləri izləmək lazımdır ki, vətəndaşlar və sahibkarlar nəyə öyrənişib. Bu tərəfdən həm təcrübə, həm də əminlik yarandıqdan sonra iri ticarət mərkəzlərinin və "mall"ların fəaliyyətə başlamasını mümkün ola bilər".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə