Jurnalistlər üçün İKT mövzusunda müsabiqə elan edilib

Jurnalistlər üçün İKT mövzusunda müsabiqə elan edilib
Bu gün "Ölkənin inkişafında İKT və Mobil rabitənin rolu" mövzusunda müsabiqənin elan olunması ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, müsabiqə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) iştirakı, Azərfon MMC-nin dəstəyi, "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təşkilatçılığı həyata keçirilir.

Tədbirdə RİTN nümayəndəsi Kamal Məmmədov, "Ayna- Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Azərfon" mobil operatorunun nümayəndəsi Elşad Fərzəliyev, "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, müsabiqə "İKT-Media Dialoqu" platforması çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, müsabiqədən əlavə jurnalistlər üçün İKT ilə bağlı treninqlərin keçirilməsi də nəzərdə tutulur. O vurğulayıb ki, treninqlər xarici ölkələrdən gətirilən mütəxəssislər tərəfindən reallaşacaq.

Daha sonra müsabiqə ilə bağlı məlumat verən Elşad Fərzəliyev bildirib ki, müsabiqə bir ay müddətində davam edəcək. Onun sözlərinə görə, çap və elektron media nümayəndələri üçün təşkil edilən müsabiqə mobil rabitə sahəsində yeni imkanlar, xərclərə necə qənaət etməli, şəffalıq, nömrə daşınması layihəsi-müştərilər üçün üstünlüklər, medianın inkişafında mobil rabitədən istifadə, internetə çıxışın genişlənməsində mobil rabitənin rolu və digər mövzuları əhatə edəcək.
E. Fərzəlibəyov həmçinin onu da bildirib ki, müsabiqənin qalibləri onun təşkilatçıları tərəfindən mükafatlandırılacaq: "Müsabiqə nəticəsində 5 qalib seçiləcək. Birinci yerin qalibi 500, 2-ci yerin sahibləri 300, 3-cü yeri tutanlar 200 AZN məbləğində mükafatlandırılacaqlar. Xüsusi mükafatın məbləği isə 100 AZN-dir".
Tədbirin sonunda rəsmilər jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə