Sahibkarlıq subyektləri güzəştlərdən necə yararlanacaq? AÇIQLAMA-ÖZƏL

Sahibkarlıq subyektləri güzəştlərdən necə yararlanacaq? AÇIQLAMA-ÖZƏL

“Pandemiya ilə bağlı zərərçəkmiş sahibkarlarlıq subyektlərinə münasibətdə vergi güzətləri və tətillərini nəzərdə tutan qanunvericilik layihəsi hazırlanaraq aidiyyatı üzrə təqdim edilib. Həmin layihə pandemiyadan bilavasitə əziyyət çəkən sahibkarlıq fəaliyyəti subyektlərinə bir sıra güzəştlərin verilməsini nəzərdə tutur”. Bu barədə SİA-ya Vergilər Nazirliyinin Vergilər siyasəti baş idarəsinin rəisi Əvəz Quliyev məlumat verib.

O bildirib ki, bura əsasən, yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlər, turoperator və turagent, ictimai iaşə, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə), sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının, idman-sağlamlıq obyektlərinin, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzləri, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri daxildir.

İdarə rəisi söyləyib ki, güzəştlər əsasən br neçə istiqaməti əhatə edir: “Onlardan biri yuxarıda adları sadalanan fəalyyət sahələridir ki, onlar 1 il müddətinə torpaq və əmlak vergisindən 1 il müddətinə tam şəkildə azad olacaqlar. Həmin şəxslər balanslarında əsas vəsaitlərə, istifadə və ya mülkiyyətlərində olan torpaq sahələrinə görə bu il müddətində vergi verməyəcəklər.Bununla yanaşı, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. Yəni bu il ərzində əldə etdikləri gəlirlərə 75 faiz vergi azadolması tətbiq olunacaq. Hansı ki bu da onlar üçün nəzərdə tutulan əhəmiyyətli güzəştlərdən biridir”.

Qurum əməkdaşı vurğulayıb ki, ölkəmizdə sahibkarlıq subyektlərinin bir hissəsini sadələşdirilmiş vergi ödəyiciləri təşkil edir: “Hansı ki sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faiz müəyyən edilir. Ona da 50 faiz vergi güzəşti tətbiq edilərək 1 il müddətində 1 faiz müəyyən ediləcək”.

Ə. Quliyev qeyd edib ki, sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq, pandemiya dövründə həm dövlət orqanları, həm də digər sahibkarlıq subyektləri özlərinin birbaşa təsərrüfat fəaliyyətləri ilə məşğul olduqları obyektlərdə binalarda mütəmadi olaraq dezinfeksiya işlərini görüblər. Bununla bağlı çəkilən xərclər onlar tərəfindən bu kimi xərclər Vergi Məcəlləsində müəyyən olunmuş qaydada sənədləşdirildiyi halda tam şəkildə məhdudlaşdırılmadan gəlirdən çıxılan xərclərə aid ediləcək. Eyni zamanda xarici iqtisadi fəaliyyətlə məşğul olan vergi ödəyiciləri də var ki, onlar idxal, ixrac əməliyyatları həyata keçirirlər. Hansı ki, ölkədə və həmin layihədə nəzərdə tutulur ki, zəruri ərzaq və sağlamlıqla bağlı məhsulların istehsalında istifadə olunan məhsullar müddətli olaraq ƏDV-dən azad olunacaq”.

İdarə rəisi qeyd edib ki, fərdi peşə fəaliyyəti ilə məşğul olan sahələr var ki onlar əsasən sabit qəbz və ya fərqlənmə nişanı ilə çalışırdılar: “Təkliflər Paketində onların sosial sığorta yükünün azaldılması nəzərdə tutulur. Belə ki, sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə