Azərbaycanın enerji siyasəti yüksəkliyə dorğru - TƏHLİL

Azərbaycanın enerji siyasəti yüksəkliyə dorğru - TƏHLİL

Prezident İlham Əliyev: “Biz elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik”

Bu gün enerji siyasəti dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır. Eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini verir. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması sayəsində artıq hər gün 1 milyon barrelə yaxın yüksək keyfiyyətli Bakı nefti dünya bazarlarına çıxarılır. Prezident İlham Əliyevin İtaliyanın nüfuzlu "RAI International" telekanalına müsahibəsində xüsusi qeyd etdiyi kimi, "Azərbaycanın enerji ehtiyatları artıq Avropa, dünya enerji bazarlarına çatdırılır və əlbəttə ki, Azərbaycan bunlardan yararlanır, iqtisadi inkişaf, eyni zamanda bir çox sosial problemlərin həlli deməkdir və ölkənin regional mövqeləri əhəmiyyətli dərəcədə güclənmişdir".

Bəli, iqtisadi inkişaf, eyni zamanda bir çox sosial problemlərin həlli deməkdir. Məhz dövlətimizin başçısı İlham Əliyev ölkəmizin bütün sahələrinə olduğu kimi enerji siyasətinə də xüsusi önəm verərək deyib: "Bu baxımdan biz fərəh hissi ilə deyə bilərik ki, enerji siyasəti sahəsində ölkəmizin qarşısında duran bütün əsas vəzifələr uğurla yerinə yetirilmişdir. Bu gün biz daha geniş enerji tərəfdaşlığı qurmaq, hasilatçı, tranzit və istehlakçı ölkələrin tələbatlarına maksimum dərəcədə cavab vermək üçün hansı əlavə işlərin görülə biləcəyi barədə gələcəyə, irəliyə doğru baxırıq".

Qeyd edək ki, məhz bu sahədə icra olunan layihələrin nəticəsində strateji əhəmiyyət kəsb edən sahələr də yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu baxımdan, son illərdə respublikamızda enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlərin miqyası əhəmiyyəti ilə seçilir. Respublikanın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması baxımından həyata keçirilən tədbirlər isə ardıcıl və kompleks şəkildə davam etdirilir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin müasir səviyyədə yenidən qurulması da bunun bariz nümunəsidir.

"Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir"

Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında çıxış edərək deyib ki, uğurlu yenidənqurma işlərinin müsübət nəticəsi onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir: "2018-ci ilin sonunda burada əsaslı yenidənqurma-təmir işləri başlamış və uğurla başa çatdırılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti energetika sahəsinə çox böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, bizim infrastruktur layihələrinin icrası ilə bağlı ilk addımlarımız məhz energetika sahəsinə də aid idi. Hələ 2004-cü ildə regionların birinci sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilərkən orada infrastruktur layihələrinin arasında əsas diqqət energetika sahəsinə yönəlmişdi. Bu, təbii idi. Çünki o vaxt biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik".

Dövlət başçısı çıxışı zamanı Astara, Xaçmaz, Şəki, Şahdağ və Səngəçalda elektrik stansiyalarının tikintilərinin olması tələbatlarımızın özümüz tərəfindən təmin edilməsinə imkan yaradıldığını, həmçinin yeni elektrik stansiyaların da inşasının nəzərdə tutulduğunu bildirib: "Ancaq bununla paralel olaraq yeni elektrik stansiyalarının, böyük elektrik stansiyalarının inşası da nəzərdə tutulurdu və son 16 il ərzində bütövlükdə ölkəmizdə 30-dan çox yeni stansiya tikilmişdir. Əgər bu stansiyalar tikilməsəydi, bu gün Azərbaycan idxaldan bəlkə də 5 qat, 10 qat daha çox asılı olacaqdı, nəinki 2000-ci illərin əvvəllərində. Bu stansiyalar arasında böyük stansiyalar xüsusilə əhəmiyyət daşıyır. Ən böyük stansiya Şirvan şəhərində tikilmişdir – “Cənub” Elektrik Stansiyası. Onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Ondan sonra Sumqayıt Elektrik Stansiyası, 525 meqavat. “Şimal 2” bu yaxınlarda istifadəyə verilib. Onun generasiya gücü 400 meqavata yaxındır. “Səngəçal” stansiyasının generasiya gücü 300 meqavatdır. Təkcə bu dörd stansiyanın generasiya gücü 2 min meqavatdan çoxdur. Bundan əlavə, ölkəmizin müxtəlif yerlərində su elektrik stansiyaları tikildi. Bildirməliyəm ki, Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisi alan Naxçıvan Muxtar Respublikası indi özünü tam təmin edir və eyni zamanda, orada ixrac potensialı da yaranmışdır. O cümlədən bütövlükdə ölkəmizdə bu gün ixrac potensialı var və biz elektrik enerjisini idxal edən ölkədən elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişik".

"Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır"

Dövlət başçısı çıxışı zamanı enerji potensialımızın artan iqtisadi inkişafımıza uyğun olmağını da dedi: "Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi. Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Metronun bütün stansiyalarında böhran yarandı və ölkəmiz qaranlığa qərq olmuşdu. Bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var. İndi müxtəlif rəqəmlər səslənə bilər, amma ən aşağı rəqəmlər onu göstərir ki, bizim hazırda ehtiyatda ən azı 1000 meqavat generasiya gücümüz var. Mövcud stansiyaların güclərinin bərpası artıq başa çatır. Bunların arasında, ilk növbədə, Mingəçevirdəki İstilik Elektrik Stansiyasını qeyd etməliyəm. Çünki bu, bizim ən böyük generasiya gücümüzdür və həmin stansiyada baş vermiş qəza nəticəsində ölkəmiz qaranlığa düçar oldu. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Ümid edirəm ki, yaxın bir neçə ayda bu stansiya tamamilə yenidən qurularaq istifadəyə veriləcək. Bu stansiyada təkcə bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır. Təsəvvür edin, ancaq bərpa işlərini düzgün aparmaqla biz 600 meqavat gücündə əlavə generasiyaya sahib olacağıq. Əgər bunu biz ayrıca bir stansiya kimi götürsək görərik ki, bu, ölkəmizin generasiya gücünə görə ikinci böyük stansiya olacaq, “Cənub” stansiyasından sonra".

Digər elektrik stansiyalarında da bərpa işlərinin aparıldığını deyən dövlət başçısı bildirdi ki, bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarır ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər: "Digər elektrik stansiyalarında da bərpa işləri aparılır və əminəm ki, biz bu istiqamətdə öz hədəfimizə çatacağıq. Bütün bu işlər, o cümlədən ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, iqtisadi inkişaf, sənaye potensialımızın artması, eyni zamanda, qonşu ölkələrlə enerji xətlərinin təmin edilməsi, inşası ona gətirib çıxarır ki, xarici investorlar artıq bu sahəyə böyük maraq göstərirlər. Biz bunu həmişə arzulamışıq. Ancaq görəndə ki, xarici investor bu sahəyə maraq göstərmir, bütün işləri biz özümüz görürük, öz pulumuzla. Müəyyən hissəni biz borc kimi götürdük, amma əsas hissəni öz pulumuzla həll etdik və bu gün dünya miqyasında ən səmərəli enerji sistemindən biri məhz Azərbaycandadır və bunu təsdiqləyən Davos Ümumdünya İqtisadi Forumunun hesabatıdır. Bunu mən elə-belə demirəm. Beləliklə, Forumun hesabatında elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycan dünyada ikinci yerdədir. Təsəvvür edin, ikinci yerdə. Bizdən qabaq, sadəcə olaraq, bir ölkə var. Yəni, bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Özü də nə vaxt, qısa müddət ərzində".

Dövlət başçısı həmçinin, yeni müstəqillik əldə edən ölkəmizdə enerji təsərrüfatının bərbad vəziyyətdə olduğunu və həmin illərdə “Barmek” adlı şirkətin Azərbaycandan milyonlarla pul apardığını dedi: "Bizim müstəqilliyimizin hələ 30 yaşı tamam olmayıb. Biz müstəqil ölkə olanda enerji təsərrüfatımız bərbad vəziyyətdə idi. Ondan sonra daha da bərbad vəziyyətə düşdü. Biz o illəri xatırlayırıq. Burada bir “Barmek” şirkəti peyda olmuşdu, özü də qeyri-təmiz sxemlər əsasında, keçmiş məmurlarla sövdələşmə əsasında gəlib bizim Bakı şəhərinin bütün enerji təsərrüfatına sahib olub və pul qoymaq əvəzinə, bu sistemi bərbad vəziyyətə salıb, Azərbaycandan milyonlarla pul aparıb. Sonra da bu, azmış kimi, bizi hələ məhkəməyə vermək istəyirdi. Mənim göstərişimlə bu çirkin sövdələşməyə son qoyuldu, bu dələduz şirkət Azərbaycandan qovuldu və mənim Sərəncamımla o vaxt “Azərişıq” Səhmdar Cəmiyyəti yaradıldı. Adını da mən qoymuşam, “Azərişıq”. Biz bütün enerji təsərrüfatımızı dövlət mülkiyyətinə qaytardıq. Əgər bunu etməsəydik, bu gün biz qaranlıq içində yaşayacaqdıq və “Azərenerji”nin bütün əmlakı dağıdılacaqdı, necə ki, bu bina. Təsəvvür edin, 13 min kvadratmetrlik binanı çıxardılar özəlləşdirməyə və ucuz qiymətə satmaq istəyirdilər. Əgər mən xəbər tutmasaydım, mənə məlumat verilməsəydi, göstəriş verməsəydim satacaqdılar. İndi görün siz nə gözəl binada yerləşirsiniz. Bu, demək olar ki, bizim enerji sistemimizin tənzimlənməsi işində əsas mərkəzdir. Skada sistemi, dispetçer sistemi, idarəetmə sistemi, hamısı burdadır, harada yerləşəcəkdi? Bizim enerji sistemimizi belə dağıtmaq istəyirdilər.

Ona görə bizim vətəndaşlar bunu bilməlidirlər və xatırlamalıdırlar. Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir. Həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir. Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır. Təbii ki, burada institut yerləşir, Baş İdarəetmə Mərkəzi, Tədris-Laboratoriya Mərkəzi, Dispetçer Mərkəzi və eyni zamanda, bu, bizim enerji sistemimizin yeni simasını əks etdirir. Bu bina artıq satışdan, hərracdan çıxarılaraq energetiklərə, onun sahiblərinə qaytarılmışdır. Ona görə bu binada işləyən vətəndaşlar öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər. Elə etməlidirlər ki, bizim enerji təminatımız daim yüksək səviyyədə olsun".

""Azərenerji»nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək"

Dövlət başçısı, həmçinin görüləcək işlər barədədə də məlumat verərək bildirdi ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək: "Bütün bunlarla yanaşı, hələ görüləcək işlər çoxdur. “Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Bir daha demək istəyirəm ki, bütün bu müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxardı ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəlmişlər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edildi və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzaladı. Bu sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcəkdir, sırf xarici investorların hesabına. Onu da bildirməliyəm ki, bu layihələri icra etmək, yəni, investisiya qoymaq istəyən şirkətlərin sayı 7 idi. Mən ad çəkmək istəmirəm, onların arasında dünyanın ən böyük enerji şirkətləri də vardı. Ancaq müsabiqə onu göstərdi ki, 2 şirkət daha gözəl şərtlər verib və onlar artıq bu işləri başlamalıdırlar. Düzdür, bu koronavirus araya girdi, ola bilər ki, müəyyən yubanma olsun, amma prinsip etibarilə ilkin razılaşmalar əldə edilib. Bu, öz növbəsində, digər şirkətlərə də yol açacaq. Bizim bərpa olunan enerji potensialımız çox böyükdür, günəş, külək bizdə boldur. Ona görə əmin edirəm ki, həm yerli, həm də xarici şirkətlər bu sahəyə maraq göstərəcəklər".

"Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər"

Dövlət başçısı, həmçinin, bu sahədə marağı olan xarici şirkətlərə də tövsiyələrini verdi: "Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır".

Beləliklə bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir və bunun nəticəsində hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə