Büdcəyə 11 milyard manatdan çox vəsait köçürüləcək ÖZƏL - AÇIQLAMA
"Dövlət Neft Fondundan əlavə vəsaitə ehtiyac yaranacaq. Bu ilki nəzərdə tutulmuş büdcəyə transfer olunacaq, bunun üçün 11 milyard manatdan çox vəsait nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli indiki karantin dövründə büdcəyə əlavə gəlirlərin cəlb olunması məsələsindən danışarkən deyib.
O bildirib ki, nəzərdə tutulan gəlirlərin miqdarı indiki dövürdə azalacaq, çünki iqtisadiyyatın bir çox sahələri karantin rejimi ilə əlaqəar qapalıdır: "Həmin sahələrdən gələn vergilərin də azalması gözlənilir. Məsələn, ictimai iaşə, turizm sahəsi, xidmət sahələri, otellər və bu tipli başqa sahələr qapalıdır. Rəsmi olaraq işləmir. Onların indiki durumda vergi verməsi də mümkün deyil. Digər rəsmən qapalı olmayan sahələrdə də iş aktivliyi xeyli azalıb. Onların da gəlirliliyi və dövriyyəsi xeyli aşağı düşdüyündən onlardan da gələn vergilərin azalması müşahidə olunacaq. Həmçinin, neft şirkətlərinin gəlirləri, yəni, neft şirkətlərinin vergi xərcləri də var. İstər SOCAR olsun, istər BP, Azərbaycanda 12 neft şirkəti çalışır. Onların da neft bazarında qiymətlərin aşağı düşməsi ilə bağlı gəlirlərinin azalması ilə əlaqədar vergi öhdəliklərini də azaldacaq. Bu nöqteyi-nəzərdən əlavə gəlir mənbələrinin karantin və post-karantin dövründə tezliklə tapılması çətin görünür".
Onun sözlərinə görə, əsas prioritet sahələrdən biri olan turizm və ona bağlı xidmət sahələrinin tamamilə qapalı olması və uzun müddət, hətta, post-karantin dövründən sonra da tezliklə aktiv hala gəlməsi mümkün görünmür: "Bütün bunları nəzərə alaraq, Dövlət Neft Fondundan əlavə vəsaitə ehtiyac yaranacaq. Bu ilki nəzərdə tutulmuş büdcəyə transfer olunacaq, bunun üçün 11 milyard manatdan çox vəsait nəzərdə tutulub, bu vəsait büdcəyə köçürüləcək. Yəqin ki, Döbvlət Neft Fondundan əlavə vəsaitə ehtiyac yaranacaq ki, büdcənin kəsirini və bu günə qədər daxilolmalarda olan axsaqlıqların qarşısı alınsın.
Gələcəkdə, post-virus dövründə, yəni, karantindən sonra hökumətin də üzərinə müəyyən öhdəliklər düşür ki, iqtisadiyyatın çarxlarının daha aktiv şəkildə dönməsi üçün daha effektiv addımlar atsın. İqtisadi aktivlik artdıqca büdcəyə də əlavə gəlirlərin gəlməsi təmin olunacaq. Lakin, indiki dövrdə və yaxın 2 ayda büdcə gəlirlərinin müxtəlif istiqamətlər üzrə azalmasının şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB