Benzin və dizel qiymətlərində endirim olmalıdır RƏY - AÇIQLAMA
"Benzin və dizel yanacağının qiymətlərində endirimlər olmalıdır. Lakin bununla bağlı qərarlar yalnız inzibati yolla veriləcək". Bunu SİA-ya açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli neftin dünya bazarında qiymətinin kəskin düşməsinin bezin və dizel yanacağının qiymətinə təsirindən danışarkən deyib.
O bildirib ki, benzin və dizel yanacağının qiyməti, ümumiyyətlə, kommunal xərclər dövlət tərəfindən tənzimlənir: "Əslində sırf bu səbəbdən məsələnin bazara və eyni zamanda qiymətlərə birbaşa aidiyyatı yoxdur. Ona görə də düşünürəm ki, benzin və dizel yanacağının qiyməti hökumətin verəcəyi qərardan, həmçinin Tarif Şurasının verəcəyi qərarlardan asılıdır. Çünki Azərbaycanda bu və ya bu kimi məhsulların qiymətlər bazardan asılı deyil".
İqtisadçı vurğulayıb ki, əslində məntiqlə yanaşsaq benzinin qiyməti və dizel yanacağının qiyməti əslində enməlidir: "Əslində qiymətlər məntiqlə enməlidir. Çünki, neftin dünya bazarındakı qiyməti az qala iki dəfə aşağı düşüb. Son bir aya baxdıqda deyə bilərəm ki, yanvar ayında Azərbaycanda neftin bir barelinin qiyməti 70 dollar idi. Hazırda isə təqribən 36-37 dolları təşkil edir. Buradan göründüyü kimi kifayət qədər azalma müşahidə olunur. Bu azalmaya görə də, çox güman ki, benzin və dizel yanacağının qiymətlərində də endirimlər olmalıdır. Amma bununla bağlı qərarlar inzibati yolla veriləcək".
Ekspert qonşu ölkələrdə qiyməti bazarın tənzimlədiyini və neftin qiymətinin ucuzlaşmasının qiymətlərə də təsir etdiyini əlavə edib: "Gürcüstanda və Türkiyədə artıq endirim olacağı ilə bağlı xəbərlər yayıldı. Hətta daha ciddi endirim Gürcüstanda olacaq. Təqribən 20 faizə yaxın endirim olması gözlənilir. Türkiyədə isə bu gecədən etibarən 1 lirəyə yaxın qiymətlərin düşməsi gözlənilir. Bizdə isə bu məsələləri bazar tənzimləmədiyi üçün indidən nəsə demək çətindir. Bu dövlətin verəcəyi qərara bağlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB