"İtaliya ən böyük neft alıcımızdır" AÇIQLAMA

"Azərbaycan nefti kifayət qədər keyfiyyətlidir, ona görə də hər il ortalama neft ixracatımızın ən azı 25-30 faizi İtaliyanın payına düşür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan və İtaliya arasındakı iqtisadi münasibətləri şərh edərkən deyib.

İqtisadçı bildirib ki, İtaliya Azərbaycanın qlobal arenada ən böyük neft alıcısıdır və bu illərdir ki, belə olub: "Son zamanlar İsrail və ya digər ölkələr Azərbaycandan neft idxalının həcminə görə önə çıxır. Lakin bu İtaliyanın Azərbaycandan ən çox neft idxal edən ölkə nəticəsini dəyişmir. Xüsusilə də 2004-cü ildən bu günə qədər neft ixracatı başlayandan ən çox İtaliyaya neft ixrac etmişik. Bu nöqteyi nəzərdən İtaliya ilə əlaqələrimiz genişləndirilməsinin böyük əhəmiyyəti var".

Natiq Cəfərli vurğulayıb ki, təssüf ki, İtaliya ilə olan iqtisadi əlaqələrimiz daha çox enerji sahəsi üzərində qurulub və ona görə də digər sahələrdə iqtisadi əlaqələrin qurulması labüddür: "Təşviq proqramlarının həyata keçirilməsi ilə İtaliya investorlarını, bisnesmen və sahibkarları Azərbaycana çəkmək olar. Bu məsələ ön plana çıxarılmalıdır. Çox güman ki, Prezidentin İtaliyaya səfərindən sonra əsas hədəf də məhz bu əlaqələrin qurulması və qeyri-neft sektorunda real iqtisadi genişləndirilmələrə yönəlik addımların atılması duracaq. Bu çox vacibdir, çünki, enerji sahəsində Azərbaycanın dünya ölkələri ilə əlaqələri kifayət qədər genişdir. Lakin qeyri-neft sektoru sahəsində investorlara ehtiyacımız var. Bu sahədə investorları Azərbaycana cəlb etmək lazımdır. Çünki, neft elə bir məhsuldur ki, İtaliya almasa da başqa ölkə alacaq".

Ekspert əlavə edib ki, İtaliyanın bir çox neftayırma zavodları Azərbaycan neftini əldə etməyə daha çox can atırlar, çünki Azərbaycan nefti kifayət qədər keyfiyyətlidir, ona görə də hər il ortalama neft ixracatımızın ən azı 25-30 faizi İtaliyanın payına düşür.

Natiq Cəfərli qeyd edib ki, İtaliya ilə qeyri-neft sektoru üzrə mebel istehsalı, geyim istehsalı, avtomobil detalları istehsalı sahələri üzrə geniş əlaqələr qurmaq olar: "Bunun üçün çox böyük şirkətləri var və əlaqələrin genişləndirilməsi üçün kifayət qədər perspektiv var. Azərbaycan coğrafi mövqeyi də, əmək bazarı da buna imkan verir. Sadəcə bu sahələr üzrə investorları cəlb etmək lazımdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə