Azərbaycan sürətli inkişaf mərhələsindədir və çiçəklənmə dövrünü yaşayır TƏHLİL

Azərbaycan sürətli inkişaf mərhələsindədir və çiçəklənmə dövrünü yaşayır TƏHLİL

Dayanıqlı iqtisadi inkişaf, tərəqqi, yüksələn reytinq, qazanılan siyasi və iqtisadi dividendlər aparılan sistemli və nəticəyə hesablanmış islahatların, ölkə başçısının rəhbərliyi ilə aparılan düzgün siyasətin, strategiyanın məntiqi, uğurlu nəticələridir. Əslində, bütün bunlar, həm geosiyasi, həm də geoiqtisadi mövqelərini daim möhkəmləndirən Azərbaycanın əldə etdiyi müsbət göstəricilər, uğurlardır ki, bunu yalnız biz yox, beynəlxalq iqtisadi forumların, reytinq təşkilatlarının hesabatları da təsdiqləyir.

Dünyaca məşhur olan reytinq agentliklərinin Azərbaycanın reytinqini ilbəil yaxşılaşdırması sanki bir ənənə halını alıb. Hər il təkcə biz özümüz deyil, bütün dünya ictimaiyyəti şahidi olur ki, ölkəmiz reyinq cədvəllərində irəliləyir. Azərbaycanın uğurlarını, irəliləyişini, qazandığı mövqelərini etiraf edən belə reytinq agentliklərini və onların cədvəllərini sadalamaqla bitən deyil. İndi bütün dünya ictimaiyyəti şahiddir ki, Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı”, Dünya Bankının "Doing Business”, "Moody's”, "Standard & Poor's”, "Fitch Ratings”, ABŞ-ın "The Heritage Foundation” analitik mərkəzinin "İqtisadi Azadlıq İndeksi”, ABŞ-ın "U.S.News & World Report” jurnalının hazırladıqları hesabatlarda, reytinq siyahılarında Azərbaycan, davamlı şəkildə, hər il yüksəlişdədir.

Bu günlərdə "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2020” hesabatında dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın dünyanın 132 ölkəsi arasında 45-ci yerdə qərarlaşması da növbəti uğurumuzdur. Onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın bu sırada 45-ci yerdə qərarlaşması, eyni zamanda ölkəmizin, Baltikyanı ölkələr istisna olmaqla, possovet məkanında lider mövqedə olmasından xəbər verir və bunu təsdiq edir.

Sözsüz ki, Cənubi Qafqazın lider dövlətinin ən güclü ölkələrin reytinqində bu mövqedə qərarlaşması sıradan bir nəticə deyil və bu nəticənin də təməlində ölkənin inkişafı dayanır. İnkişafı isə, təbii ki, aparılan düzgün, məqsədyönlü, nəticəyə hesablanan siyasət şərtləndirir. Onu da etiraf etmək lazımdır ki, bu siyasətin müəllifi ölkə başçısıdır. Əbəs yerə və təsadüfi deyil ki, ölkə başçısı, Cənab Prezident İlham Əliyevin ən islahatçı Prezident olduğu da etiraf edilir. Əslində, Azərbaycanın qüdrətli dövlətlər sırasında, 132 ölkə arasında 45-ci yerdə qərarlaşmasının özü də Prezident İlham Əliyevin tam müstəqil siyasətinə verilən növbəti yüksək dəyərdir.

Sosial islahatlar, kadr dəyişiklikləri, özbaşınalıq edən məmurların cəzalandırılması, təsdiq etdi ki, artıq Azərbaycan yeni inkişaf mərhələsinə prinsipial şəkildə qədəm qoyub. Reytinqlər cədvəlindəki irəliləyişlər isə öz növbəsində təsdiq edir ki, bu, dünyanın, ələlxüsus reytinq agentliklərinin, təşkilatlarının diqqətindən yayınmayıb, əksinə, qiymətləndirilib.

Təbii ki, aparılan islahatlar regionlarda da özünü göstərir regionların davamlı yüksəlişinin dövlətin prioritet məsələsi hesab olunduğuna şübhə də yoxdur. Artıq hansı rayona, hətta, hansı ucqar kəndə belə nəzər salsaq, quruculuq işlərinin əyani şəkildə şahidi olmaq olar. Regionların ən ucqar kənlərinin belə təbii qazla, elektrik enerjisi ilə təminatı, su təchizatı, yeni infrastruktur layihələrinin reallaşdırılması, tibb müəssisələrinin, məktəb binalarının tikilişi və təmiri görülən işlər sırasındadır ki, bu sosial-iqtisadi uğurların davamlılığına əsaslı zəmin yaradır, əminliyi artırır. Heç şübhə yoxdur ki, əminliyi artıran məhz yeni sənaye və turizm mərkəzlərinin yaradılmasına dair struktur layihələrinin həyata keçirilməsi, regionlarda iş yerlərinin açılması, sosial vəziyyətin yaxşılaşmasıdır. Aydın məsələdir ki, ölkə başçısının qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri də qazanılan sosial-iqtisadi uğurların daha da sürətləndirilməsi və miqyasının genişlənməsidir. Cənab Prezidentin regionlara səfəri də öz növbəsində təsdiq edir ki, regionları əhatə edən bu inkişaf prosesləri, abadlıq və quruculuq işləri davamlı və sistemlidır. Ölkəmizin beynəlxalq reytinq cədvəllərində irəliləyişini şərtləndirən, daim mövqelərini yüksəldən də məhz bu işlərin reallaşdırılması, eləcə də həmin işlər sayəsində əldə edilən nəticələrdir.

Dünyanın qabaqcıl 132 ölkəsi arasında Azərbaycanın 45-ci yerdə qərarlaşdığı sözügedən hesabat ciddi mənbələr, əsaslı məlumatlar, statistik göstəricilər və tutarlı arqumentlərə istinadən hazırlanıb. Hesabat dünyanın aparıcı universitetlərindən olan “İNSEAD” Biznes Məktəbi, “The Adecco Group” və “Tata Communications” tərəfindən hazırlanan və məlumat mənbəyi kimi “Doing Business” hesabatı, Qlobal Rəqabətlilik hesabatı və beynəlxalq təşkilatların rəsmi nəşrlərindən istifadə olunaraq tərtib olunub. Məhz buna görə də həmin hesabatda ölkəmizin irəliləyişi diqqətdən kənarda qala bilməz. Diqqətdən kənarda qala bilməz ki, hesabatda “illər üzrə ümumiləşdirilmiş indeks”-ə görə də Azərbaycan 2015-2017-ci illər üzrə 55-ci yerdən, 2018-2020-ci illər üzrə 42-ci yerə yüksəlib.

Bununla yanaşı, “yuxarı orta gəlirli ölkələr” arasında Azərbaycan 4-cü yerdə qərarlaşıb ki, əslində bu, ölkəmiz barədə bir sıra müsbət məqamların rəsmi şəkildə etirafıdır. Beləliklə, hesabatda ölkəmizin yüksəlişi qeyd olunmaqla yanaşı gəlirli olduğu da öz təsdiqini tapıb. Daha doğrusu, etiraf edilib ki, Azərbaycan gəlirli ölkədir. Dünyanı iqtisadi böhran, siyasi qalmaqallar, qeyri-sabitlik, bir sözlə, kataklizmlər bürüdüyü bir dövrdə, bir sıra güclü, qüdrətli ölkələrin az qala sıradan çıxmaq təhlükəsi ilə üzləşdiyi, acınacaqlı bir duruma düşdüyü bir dönəmdə Azərbaycanın yuxarı orta gəlirli ölkələr sırasında 4-cü yerdə qərarlaşması heç də sıradan bir hadisə, təsadüfi uğur deyil. Bu, ölkədəki stabilliyin, sabitliyin, əlverişli investisiya, istehsal və emal şəraitinin yüksək səviyyədə olmasının, əlverişli biznes mühitinin movcudluğunun təzahürü, verdiyi nəticələrdir. Belə bir mühit əlbəttə ki, investisiya qoyuluşunu, hətta xarici maliyyə axınını da şərtləndirir və daha da intensivləşdirir. Nəticə isə daha boyuk nailiyyətlər barədə proqnoz vermyə əsas yaradır. İndi nəinki hər bir Azərbaycan vətəndaşı, hətta dünyanın hərhansı ölkəsinin sakini belə ölkəmizin irəliləyişinə, nailiyyətilərinə, əldə etdiyi uğurlara və nəhayət reytinq cədvəllərindəki mövqelərinə əsaslanaraq cəsarətlə deyə bilər ki, Azərbaycan sürətli inkişaf mərhələsindədir və çiçəklənmə dövrünü yaşayır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə