Neftin qiyməti cari ildə necə olacaq? TƏHLİL

Neftin qiyməti cari ildə necə olacaq? TƏHLİL

Dünya bazarında neftin qiyməti həmişə olduğu kimi, vacib məsələlərdən biri olaraq, cari ildə də bütün ölkələrin diqqət mərkəzindədir. Neft ixrac edən ölkə kimi Azərbaycan üçün də dünya bazarında qara qızılın qiymətinin diqqət mərkəzində olacağına şübhə ola bilməz. Çünki, makroiqtisadi vəziyyət ən aktual məsələdir və hər zamankı kimi cari ildə də öz aktuallığını qoruyacaq.

Cari ildə neftin qiymətinin necə dəyişəcəyi sualı ortaya çıxır. Yaxud, qara qızılın qiymətinin artıb-azalacağı məsələsi hər zaman gündəmdədir. Əslində, neft ixracatçısı olan Azərbaycanın hər bir vətəndaşının neftin qiymətləri ilə bağlı maraqlanması, düşünməsi başadüşüləndir.
Doğrudur, uzun zamandır ki, dünya bazarlarında neftin qiymətində elə bir fantastik qiymət dəyişikliyi, ələlxüsus azalma müşahidə olunmur. Bir sözlə, bu sahədə stabilliyin olduğu təkzib edilə bilməz. Bu stabillik hələ 2016-cı ildən təşəkkül tapıb və ABŞ-ın qiymətlə bağlı səyləri uğursuzluqla nəticələnib. Daha dəqiq desək, Birləşmiş Ştatların qara qızılın qiymətini aşağı salmaq cəhdləri baş tutmayıb. Çünki, neft hasil edən ölkələr özləri ABŞ-ın bu məqsədinə qarşı çıxaraq, dünyanın fövqəl dövlətinin neftin qiymətini aşağı salmaq arzularının baş tutmasına mane oldular. Xüsusən də, Səudiyyə Ərəbistanını qeyd etmək lazımdır ki, bu neft ixracatçısı Birləşmiş Ştatlarla müttəfiq olsa da belə, neftin qiymətini, nəticədə isə öz maraqlarını qorumağı üstün tutaraq ABŞ-ın qiymətlərin aşağı salınması niyyətinin baş tutmasının qarşısını aldı.
Doğrudur, neft ixrac edən ölkələrin öz maraqlarını qoruması üçün neftin qiymətinin aşağı salınmasına qarşı həmrəyliyi təqdirəlayiqdir və bu, neftin qiymətinin stabilliyi üçün vacib şərtdir. Lakin, bu həmrəylik heç də yeganə şərt deyil və bundan daha güclü təsirləri etiraf etmək məcburiyyətindəyik. Etiraf etməliyik ki, neftin qiyməti siyasi proseslərdən daha çox asılıdır. Daha dəqiq desək, dünyada baş verən siyasi proseslər neftin qiymətinə bilavasitə təsir etdiyi günün reallığıdır və hər zaman olduğu kimi həmin təsirlər bu gün də öz aktuallığını qoruyur. Söhbət heç də təkcə qiymətlərin aşağı düşməsindən getmir və ola bilsin siyasi proseslər qiymət artımına səbəb ola bilər. Nümunə üçün qeyd edə bilərik ki, İranla ABŞ arasında yaranan gərginliyin fonunda neftin qiyməti bir anda gözlənilmədən bahalaşdı və bu özü deyilənlərin əyani sübutu, bahalaşma proqnozunun təsdiqidir. Əgər Birləşmiş Ştatların İranla heç bir toqquşması olmadığı təqdirdə, ölkələr arasındakı narazılıqlar belə neftin qiymətinin 70 dollara çatması ilə nəticələndisə, deməli, regionda hərbi əməliyyatlar baş tutarsa, qara qızılın qiymətinin daha yuxarı olacağı gözləniləndir. Regionda müharibələrin, hərbi əməliyyatların başlaması heç də arzu olunan deyil, sadəcə məqsəd ən gərgin vəziyyətin belə neftin qiymətini aşağı salmayacağını, əksinə artıracağını vurğulamaqdır.
Xatırladaq ki, regionda gərginlik təkcə ABŞ və İranla əlaqədar deyil və Liviyadakı vətəndaş müharibəsi də diqqət mərkəzindədir. Təkcə regionda deyil, məsələn, Venesuelada baş verən hadisələr də qiymətlərə təsirsiz ötüşə bilməz. Ümumiyyətlə, artıq şahidi olduq ki, müşahidə olunan gərginlik neftin qiymətininin aşağı düşməsinə yox, qiymətin qalxmasına səbəb oldu. Deməli, geosiyasi proseslərdə gərginlik belə neftin qiymətinə mənfi təsir etməyəcək, daha dəqiq desək qara qızılın qiymətini aşağı salmayacaq. Əksinə, bu, qiymət artımı deməkdir və bəlkə də dəfələrlə.
Az əvvəl qeyd etdiyimiz kimi, ABŞ neftin qiymətinin aşağı salınması marağındadırsa da buna nail olacağına ölkənin özünün də zərrə qədər ümidi yoxdur. Çünki, dünyanın bu fövqəl dövləti hazırda təkcə İranla deyil, Türkiyə, hətta digər bir fövqəl dövlət olan Rusiya ilə də arzu etdiyi münasibətdə deyil. Hətta ABŞ üçün bu arzuolunmaz münasibətlərin fonunda Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə neft kəmərinin açılışı üçün getməsi, ümumiyyətlə, Rusiya ilə Türkiyə arasındakı son zamanlar isti münasibətlər Birləşmiş Ştatları heç də qane etmir və bu da həmin dövlətin mənafelərinin dəstəklənməməsi, strategiyasının sual altında qalması, eyni zamanda neftin qiymətinin aşağı salınması arzusunun puça çevrilməsi deməkdir. Beləliklə, çox əminliklə deyə bilərik ki, ABŞ nə qədər nəhəng, nə qədər hegemon dövlət olsa belə, dünyanın hazırki geosiyasi mənzərəsində heç nəyə, ələlxüsus neftin qiymətinə mənfi təsir etmək, yəni qara qızılın qiymətinin aşağı salınması imkanına malik deyil.
Dünyada baş verən siyasi proseslərlə yanaşı iqtisadi amillərin də təbii ehtiyatların qiymətinə əhəmiyyətli təsirləri danılmazdır. Ümumiyyətlə, malların qiymətləri hər şeydən əvvəl tələb və təklif arasındakı nisbətdən asılıdır. Tələb əgər təklifi üstələyirsə, yəni təklif olunan mallardan həmin mallara olan tələb daha çoxdursa, belə bazarlara tələb bazarı deyirlər və bu halda malların qiyməti artır. Əks halda, yəni təklif tələbi üstələyirsə, belə bazarlara təklif bazarı deyilir və bu halda qiymətlər ucuzlaşır, aşağı düşür. Deməli, neftin də qiymətinin həmin bazarların hansı bazara aid olmasından, tələb və təklif arasındakı münasibətlərdən asılılığı da danılmazdır. Doğrudur, tələb və təlkif arasındakı nisbətin necə olacağını əvvəlcədən söyləyərkən yanlışlığa yol vermək olarsa da, ən azından son hadisələr təsdiq edir ki, neftə olan tələb təklifi üstələyir və bu fakt özü də neftin bahalaşacağı proqnozunu verməyə əsas verir.
Tələbin təklifi üstələdiyinin biz hər zaman şahidiyik və əbəs yerə deyil ki, neft ixrac edən ölkələr qlobal layihələrə maraqlıdır. Məsələn, Azərbaycanın, Türkiyənin, Rusiyanın, hətta Avropa ölkələrinin belə qlobal layihələrə marağını təkzib etmək olmaz. Əks halda, Azərbaycan neftinin Türkiyədən keçərək Avropaya çatdırılması dünya çapında xüsusi əhəmiyyət kəsb etməzdi. Təsadüfi deyil ki, Azərbaycan neftinin Avropaya nəql edilməsi ilə Avropanın enerji təhlükəsizliyi barədə bu köhnə qitə əminlik içərisindədir. Nəzərə almaq lazımdır ki, neft yanacaq, enerji deməkdir və dünya bu enerjinin istehlakına hər zaman ehtiyac duyur. Bu isə onu deməyə əsas verir ki, hələ də tələb təklifə nisbətən üstündür və cari ildə də bu nisbət tələb bazarının olmasından, neftin qiymətinin bir az da bahalaşmasından xəbər verir.
Ümumiyyətlə, neftin qiymətinin 70 dollar deyil, hətta 60 dollar olması belə neft ixrac edən ölkələri qane edir və məsələn, Azərbaycan üçün bu qiymət belə qənaətbəxş hesab edilir. Unutmaq lazım deyil ki, keçən il ölkəmizin dövlət büdcəsində neftin qiyməti 60 dollar səviyyəsində götürülmüşdüsə, bu il bu 55 dollar səviyyəsindədir. Azərbaycan hökumətinin riski artırılmayıb, əksinə, daha da azaldılıb. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, cari ildə neftin qiyməti baxımından Azərbaycan heç bir təhlükə ilə qarşılaşa bilməz. Əksinə, hazırki qiymətlər belə ölkəmizin iqtisadi potensialını daha da gücləndirməyə, iqtisadi, sosial layihələri davam etdirməyə imkan verir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə