"Maliyyə gücümüz və ehtiyatlarımız indikindən də artıq olacaq” AÇIQLAMA-ÖZƏL

"Maliyyə gücümüz və ehtiyatlarımız indikindən də artıq olacaq” AÇIQLAMA-ÖZƏL

“Müstəqil olmağımız cəmi 30 ilə bir qədər yaxın olsa da, bizim üçün bunun ilk 7-8 ili maliyyə ehtiyatları baxımından xarici və beynəlxalq qurumlardan asılı vəziyyətdə keçib. Bu da keçən əsrin 90-cı illəri idi. Xüsusən də, 1990-cı illərin ilk yarısı Azərbaycan üçün çox çətin illər oldu. Xəzinə boş idi, heç bir valyuta ehtiyatımız yox idi, olan cüzi məbləği də o vaxt ki, hakimiyyət talamışdı. Həmin dövrdə dövlət büdcəsinin kəsirini örtmək üçün ölkədən kənar mənbələrə ağız açırdıq, əhalinin ən adi sosial ödənişlərini örtmək üçün vəsait çatışmırdı və s. Məhz Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə genişmiqyaslı islahatlar başlandı, neft sazişləri imzalandı, neft-qaz sektorumuzun qapıları xarici investisiyalar üçün açıldı, kənd təsərrüfatında, sənayedə, xidmət sahələrində özəlləşdirmə dalğası start götürdü”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bütün bunların nəticəsi idi ki, 90-ci illərin ikinci yarısından etibarən, ölkədə maliyyə çatışmazlığı tədricən aradan qalxmağa doğru istiqamət götürdü: “Bu proses ardıcıl xarakter aldı. Təsadüfi deyil ki, 29 dekabr 1999-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Bu faktın özü ölkəmizin maliyyə vəziyyətinin tədricən təmin olduğuna işarə sayıldı”.

Ekspert söyləyib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində xarici və beynəlxalq qurumlarının da Azərbaycanla davranış tonu dəyişməyə doğru istiqamət aldı: “Ümumiyyətlə, bu, böyük bir yoldur. Bugünkü vəziyyətə mərhələlərlə gəlib çatmışıq. Ulu Öndərin siyasi kursunun uğurla davam etdiriməsi nəticəsində hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollardan çox təşkil edir. Hələ bu, lap çox təşkil edə bilərdi. 2014-2016-cı illər ərzindəki neftin dünya bazar qiymətlərinin düşməsi ilə yaranan məlum böhran və xarici təsirlər üzündən maliyyə bazarımız bir təlatüm yaşadı. Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından 11 milyard dollar manatın məzənnəsi üçün sərf edildi. Bununla belə, valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan çoxdur. Xarici borcumuzdan da yüksəkdə dayanır”.

P. Heydərov vurğulayıb ki, vaxtilə bizə kredit vermək istəməyən xarici maliyyə dairələri artıq, neçə illərdir böyük səxavətlilik nümayiş etdirirlər və pul verməyi özləri təkid edirlər: “Çünki Azərbaycan özü donor ölkəyə çevrilib, xaricə investisiyalar yönəldir, borc xahişləriylə üzləşir. Yaxın perespektivdə maliyyə gücümüz və ehtiyatlarımız hələ indikindən də artıq olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə