Son illər ərzində Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl reallaşması və sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə yüksəlib. Təbii ki, bu, biznes mühitin əlverişliliyinin artırılması, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olub. Bununla yanaşı, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürüb.
2017-ci ilin dekabrında ölkə Prezidentinin müvafiq fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti də məhz bu tələblərin həyata keçməsi üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi, yenilərinin yaradılmasını həyata keçirir.
Agentliyin əsas missiyası və fəaliyyət istiqamətləri kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönəlib. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.
Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri də sahibkarlar qarşısındakı süni maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldilib.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları”na əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatədək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır. Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən 440 min sahibkarlıq subyektinin böyük əksəriyyəti kiçik və orta sahibkarlardır.
“Kiçik və Orta Biznes Evi” nədir?
Agentliyin mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün mühüm dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznes Evi”, qısaca desək “KOB Evi” biznes subyektləri üçün bütün dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında təqdim ediləcəyi vahid məkandır. “KOB evi”ndə biznesin planlaşdırılmasından başlayaraq onun inkişaf etdirilməsinə qədər olan bütün mərhələlərdə 30-dan çox dövlət qurumunun 100-dən artıq G2B (dövlət-biznes) və özəl qurumların B2B (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır. Hazırda Agentlik tərəfindən Kiçik və Orta Biznes evlərinin yaradılması istiqamətində tədbirlər görülür.
“KOB Dostu” Agentliyin mikro, kiçik və orta biznesə mühüm dəstək modelidir
Agentlik, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir. Hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.
Kiçik və Orta Biznesin Dostu, qısaca desək “KOB Dostu” Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta biznesə mühüm dəstək modelidir. “KOB Dostu” fəaliyyət göstərdiyi ərazi üzrə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərini, potensial imkanlarını müəyyən edir, yeni kiçik və orta biznes subyektlərinin yaranması və mövcud biznesin inkişafına yönəldilmiş çoxsaylı dəstəklər göstərir, sahibkarların qanuni maraqlarının müdafiəsini həyata keçirir. “KOB Dostu” həmçinin, mikro, kiçik və orta sahibkarların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir, onlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin monitorinqini aparır. Hazırda ölkənin 12 şəhər və rayonunda 14 “KOB Dostu” fəaliyyət göstərir.
Ölkənin digər rayon və şəhərlərində də KOB dostlarının fəaliyyəti nəzərdə tutulur. Öz biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən şəxslər Agentliyə və ya ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən Kiçik və Orta Biznesin dostlarına müraciət edə bilərlər.
KOB İnkişaf Mərkəzləri bizneslə təhsil müəssisələri arasında körpü rolunu oynayacaq
KOB inkişafı mərkəzi - mikro, kiçik və orta biznes (KOB) sahəsində inkişafı dəstəkləyir, bu sahədə müxtəlif tədbirləri vahid məkanda və əlaqələndirilmiş formada təşkil edir.
Mərkəzin tərkibində startaplarla, elm və təhsil mərkəzləri ilə iş bölməsi, klasterlərlə, sənaye və texnologiya parkları ilə iş bölməsi, investor və maliyyə təşkilatları ilə iş bölməsi, innovasiya bölmələr fəaliyyət göstərir.
KOB inkişafı mərkəzinin yaradılmasında məqsəd sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətlərinin göstərilməsidir.
KOB İnkişaf Mərkəzlərinin əsasən universitetlər və elm tədqiqat mərkəzləri ilə birgə yaradılması nəzərdə tutulur. Artıq Azərbaycan Dövlət İqtisad Universitetindən belə bir təşəbbüs olub. KOB İnkişaf Mərkəzləri bizneslə təhsil müəssisələri arasında körpü rolunu oynayacaq.
Portalda vahid platforma üzərindən sahibkarlara xidmətlər göstərilir
Agentlik tərəfindən sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirən, sahibkarlığın təchizat zənciri sistemini və satınalma şəbəkəsini, sahibkarlara göstərilən xidmətləri, KOB evlərində xidmət göstərənlərin müvafiq məlumat bazalarından istifadəni və digər funksiyaları özündə cəmləşdirən elektron sistem “E-KOB evi portalı” da yaradılıb.
Portal kiçik və orta biznes evlərində (KOB evləri) kiçik və orta biznes subyektlərinə göstərilən xidmətlərin elektron formada, vahid platforma üzərindən göstərilməsi üzrə müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, uçotunun aparılmasını, istifadəçilərin və iştirakçıların əlaqələndirilməsini və portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların əldə edilməsini, eyni zamanda KOB evlərində, eləcə də qurumlar tərəfindən sahibkarlıq subyektlərinə fərqli zamanlarda və fərqli məkanlarda yerinə yetirilməsi planlaşdırılan bütün xidmətlərin göstərilməsini “e-KOB evi” üzərindən təmin edir.
İstifadəçilərin portal vasitəsilə xidmət almaq üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq, iştirakçılara sorğular göndərmək, həmin sorğulara dair cavablar almaq, sahibkarlıq sahəsində hazırlanmış və portalda yerləşdirilmiş hüquqi aktların layihələrinə dair təkliflər vermək, reyestrə daxil olmaq və oradan məlumatlar əldə etmək hüquqları vardır.
Sahibkarlar qurumların onlara göstərdikləri “G2B” (dövlət-biznes) xidmətlərə görə ödəniləcək dövlət rüsumu, xidmət haqları və digər ödənişləri “e-KOB evi” portalı üzərindən həyat keçirə, “B2B” (biznes-biznes) çərçivəsində müxtəlif növ maliyyə, bank, sığorta xidmətləri, eləcə də məsləhət (konsaltinq) xidmətlərindən istifadə edə bilirlər.
Agentlik yanında İctimai Şura fəaliyyət göstərir
KOBİA yanında İctimai Şura da fəaliyyət göstərir. İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.
Məqsəd agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.
İctimai Şuranın yaradılması cəmiyyət – sahibkar – dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına verilən önəmin göstəricisidir. KOBİA fəaliyyətinə ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə
işgüzar dairələrin məlumatlandırılması, agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində xüsusilə maraqlıdır.
İctimai Şura agentliyin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrin məlumatlandırılması istiqamətində effektiv tədbirlər həyata keçirir, sahibkarların rəy və təkliflərini araşdırır, xidmətlərin şəffaflığı sahəsində ictimai rəyi təhlil edir və bu sahədə olan inkişaf çağırışlarını agentliyə çatdırır, tövsiyələr hazırlayır, təkliflər verir.
Sahibkarlar daxili bazar araşdırmaları üçün dövlətdən vəsait alacaqlar
Azərbaycanda sahibkarlıq subyektləri daxili bazar araşdırmaları aparmaq üçün KOBİA-dan maliyyə dəstəyi alacaqlar.
Bu məsələ Prezident İlham Əliyev təsdiqlədiyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən, vergi ödəyicisi kimi uçota alınmış KOB subyektləri sözügedən dəstəkdən yararlana bilərlər. Amma həmin sahibkarlar “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) olmalıdır.
Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstəyin məbləği 20 min manatdan çox olmayacaq. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin isə 50 faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyir. Dəstəyin məbləğini KOBİA müəyyən edir.
KOBİA özünüməşğulluğa dəstək göstərir
KOBİA əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə özünüməşğulluğa da dəstək göstərir. Belə ki, bu dəstək 3 istiqamətdə olmaqla Agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçirilir. Bu istiqamətlərdən biri özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin təşkildir.
Bu ilin mayın 6-da KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərə başlanılıb. KOBİA-nın inzibati binasında keçirilən təlimlər 1 ay davam edib. Təlimlərdə özünüməşğulluq proqramına cəlb olunmuş 15 nəfər iştirak edib. Onlara təlim çərçivəsində özünüməşğulluq proqramı, xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunub. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat verilib.
Bakı ilə yanaşı, Gəncə və Yevlax şəhərlərində, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində də özünüməşğulluq proqramına qoşularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan şəxslər üçün təlimlər keçirilib. Ümumilikdə bu təlimlərə 94 nəfər qatılıb.
Cabir Məmmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB