"Beynəlxalq yükdaşımalardan əldə olunan gəlir 65 faiz artıb" RƏY-ÖZƏL

"Beynəlxalq yükdaşımalardan əldə olunan gəlir 65 faiz artıb" RƏY-ÖZƏL

“Son 1 ildə reallaşan beynəlxalq layihələrə diqqət yetirsək görərik ki, bu layihələr tək region üçün deyil, həm də qitə üçün vacib layihələrdir”. Bunu SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, son 1 ildə reallaşan layihələr regionda təhlükəsizliyin, xüsusilə də enerji və digər istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinə xidmət edir: “Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbə, Avropanın enerji təhlükəsizliyinə töhfə verən təşəbbüsdür. Bakı-Tbilisi-Qars dəmiryolu xətti də Qərb Şərq nəqliyyat dəhlizinin reallaşmasına töhfə verməkdədir. Lakin əsas məsələ odur ki, əldə olunan bu uğurlar məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələr sayəsində əldə olunub”.

Həyata keçirilən layihələr nəticəsində son 1 ildə Azərbaycanın qeyri-neft məhsullarının daşınmasından əldə etdiyi gəlirin 65 faiz artdığını deyən ekspert ölkə ərazisinə daxil olan yüklərin təxminən 90 faizinin tranzit olaraq digər ölkələrə daşındığını qeyd edib: “Bunun nəticəsində beynəlxalq yük daşımalarda Azərbaycanın mövqeyi, beynəlxalq yükdaşımalardan əldə olunan gəlirlər kifayət qədər artıb ”.

Onun sözlərinə görə, bu, eyni zamanda sahibkarların fəaliyyəti üçün də müsbət vədlər verir: “Belə ki, artıq sahibkarlar öz məhsullarını Türkiyə və digər yeni bazarlara təqdim etmək imkanı qazanır. Azərbaycanda son illər qeyri-neft ixracatında daha sürətli artım müşahidə olunur. 2019-cu ildə də bu sahədə artımın olacağı proqnozlaşdırılır. Hansı ki, bu nəticə logistik olaraq qeyri-neft məhsulları ixrac edən sahibkarlar üçün ixrac baxımından yeni imkanlar yaradır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə