Meliorasiya və su təsərrüfatı regionlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayır
Prezident İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazqnmağa sövq edir
Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində, ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi, mütəmadi olaraq, təkmilləşdirilmiş, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqiliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.
Azərbaycan iqtisadi və siyasi bir mərkəzə çevrilib
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və "Strateji yol xəritələri"nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da Möhtərəm Prezidentimizin strateji kursunun dəstəkləməsində, Ona olan inamının böyük rolu olmuşdur. Ölkəmizdə köklü iqtisadi islahatlar həyata keçirilmiş, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. Bu layihələr həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir.
Meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda, başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi, eləcə də, digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.
Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 423 min hektar sahədə torpaqların su təminatının və 257 min hektar sahədə meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 153 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 km-dən artıq muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2260 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə) tikilmiş, eləcə də, ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir- bərpa edilmişdir.
Respublikanın 8 rayonunda (Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik, Masallı və Yardımlı) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpa və tikinti işləri davam etdirilir. "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici Qurğunun bərpası, Samur çayı yaxınlığında Baş Sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun 3-cü 28 km-lik hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq, Mil-Qarabağ Kollektoru ilə birləşdirilmişdir.
Meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb
Su və torpaq ehtiyatlarından istifadə edilməsi səmərəliliyinin yüksəldilməsi istiqamətində su təsərrüfatı obyektlərində, mutəmadi olaraq, təmir-bərpa və təmizləmə işləri aparılıb. Suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmiş, 400-dən artıq nasos stansiyaları əsaslı surətdə təmir-bərpa edilmiş, çay məcralarında 183 milyon kubmetr həcmində məcratəmizləmə və nizamlama işləri yerinə yetirilmiş, 250 min kubmetr həcmində şax- daş, faşın- qamış və qabion bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 295 min kubmetr həcmində təmir işləri görülmüşdür. Həyata keçirilmiş məqsədyönlü və uğurlu fəaliyyətlər nəticəsində, mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər artmış, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizmlər alınmışdır. Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü Su Anbarının istifadəyə verilməsi nəticəsində, son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Taxtakörpü Su Anbarı zonasında, ümumilikdə, nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliotrativ tədbirlər nəticəsində, 20719 hektar (ondan 10970 hektar yeni suvarılan) sahə əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda, "Şabran Aqropark"a məxsus 1738 ha torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Sel və daşqın sularına qarşı mübarizə effektiv nəticələr verir
Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də, aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq, Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə, əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirib. Səhmdar Cəmiyyəti üzrə bütün mənbələrdən ayrılmış vəsait hesabına 10 yeni və 33 keçid layihəsi üzrə layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri yerinə yetirilib.
Azərbaycan Respublikası Prezidentinin ölkədə iri taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar müvafiq sərəncamlarının icrası olaraq, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin 7551 ha əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 8,6 km uzunluğunda magistral təzyiqli boru kəmərinin, nasos stansiyasının, dəmir-beton üzlüklü magistral kanalın 23 km qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmiş və obyektin tikintisi tamamlanmışdır. Ağcabədi rayonunun 1900 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Yuxarı Mil Kanalının, davamı olaraq, onun 6 km-lik hissəsi qurğularla birlikdə tikilmişdir.
Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Samur-Abşeron Kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların və Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron Kanalının kəsişməsində dükerin mühafizəsi məqsəldi ilə tikinti işləri başa çatdırılmışdır. Eyni zamanda, respublikanın Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə tədbirləri üzrə 4195 pm mühafizə divarlarının tikintisi işləri aparılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazqnmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub- saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir- bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.
ƏHMƏD ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB