Ölkəmizdə səfərdə olan Türkiyənin dövlət qulluqçuları Azərbaycanın iqtisadi siyasəti ilə tanış olublar

Ölkəmizdə səfərdə olan Türkiyənin dövlət qulluqçuları Azərbaycanın iqtisadi siyasəti ilə tanış olublar
Noyabrın 28-dən etibarən Türkiyənin 9 dövlət orqanını təmsil edən 15 nəfər rəhbər işçilərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. SİA-nın xəbərinə görə, bu gün səfər çərçivəsində qonaqlar üçün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Mərkəzində nazirliyin Azərbaycanın iqtisadi siyasətinə həsr olunan təqdimatı olub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının nümayəndəsi Rauf Məcidbəyli bildirib ki, səfər 2008-ci il iyunun 3-də Ankara şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli 90 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu" çərçivəsində hazırlanan və 21 dekabr 2009-cu il tarixdə Bakıda imzalanan "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı"na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub. Onun sözlərinə görə, nümayəndə heyətinə Türkiyənin Təhsil, Səhiyyə, Energetika və Təbii Sərvətlər, Rabitə nazirliklərinin, Dövlət Kadrlar İdarəsinin, Xarici Ticarət Komitəsinin, Türkiyə və Yaxın Şərq Dövlət İdarəsi İnstitutunun, Gömrük Komitəsinin və Şəhərsalma İdarəsinin nümayəndələri və iki yerli icra hakimiyyəti başçısı daxildir.

Tədbirin davamında İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Fəxri Həsənov "Azərbaycan iqtisadiyyatı: inkişaf mərhələləri, iqtisadi siyasət və dünya iqtisadiyyatına inteqrasiyası" mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, noyabrın 28-dən ölkəmizdə səfərdə olan qonaqlar DQMK-nın sədri Bəhram Xəlilovla görüşüblər. Bundan əlavə, qonaqlar Dövlət Gömrük Komitəsində "Bir pəncərə" sistemi ilə tanış olublar. Bu gün isə qonaqlar Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Bundan sonra isə səfər çərçivəsində qonaqlar üçün Nəqliyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin fəaliyyətindən və Azərbaycan nəqliyyat, təhsil, ekologiya və energetika sahəsində əldə etdiyi uğurlardan bəhs edən təqdimatlar olacaq. Türkiyəli dövlət qulluqçuları həmçinin Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olacaqlar. Türkiyəli nümayəndə heyətinin ölkəmizə səfəri dekabrın 4-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə