Bu ilin 9 ayında ətraf mühitə dəyən mənfi təsir xeyli azalıb

Bu ilin 9 ayında ətraf mühitə dəyən mənfi təsir xeyli azalıb
Ölkəmizin neft strategiyasının uğurla həyata keçirilməsində mühüm rol oynayan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ekoloji problemlərin həllinə xüsusi diqqət göstərilir. Beynəlxalq standart TSE – İSO EN – 14001:2008 sertifikatına layiq görülən zavod öz ekoloji göstəricilərini daim yaxşılaşdırır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən müddət ərzində zavodda ekoloji göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində 2 №-li istehsalat sahəsinin ED blokundan 308 №-li çənə gedən duzlu suların temperaturunu azaltmaq üçün ED-13/3-dən sonra əlavə su soyuducusunun quraşdırılması, neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin əmtəə parkında çənlərin əsaslı təmiri və bioloji təmizləmə qurğularından zavodun soyutma sisteminə verilən su xəttinin bir hissəsinin estakadaya qaldırılması kimi tədbirlər həyata keçirilib.

ARDNŞ tərəfindən "Ekologiya ili" çərçivəsində keçirilən müsabiqələrdə zavod kollektivi fəal iştirak edir. Belə ki, zavodun Naften turşuları istehsalı, suyun kimyəvi təmizlənməsi və reagent təsərrüfatı üzrə 6 №-li sexində böyük abadlaşdırma işləri aparılıb. Burada istismarı dayandırılan köhnə qurğular, yararsız çənlər sökülərək ərazidən daşınıb, yaşıllıqlar salınıb. Həmçinin, 4 №-li istehsalat sahəsinin 42 №-li qurğusu sökülüb, ərazi metal qırıntılardan təmizlənib. Ərzidə abadlıq işləri aparılıb, burada mindən artıq ağac və gül kolları əkilib. "Ekoloji təbliğat və maarifləndirməyə dair Tədbirlər planına" uyğun olaraq zavodda işçilərin mütamadi olaraq maarifləndirilməsi istiqamətində müvafiq işlər görülür. Sistematik olaraq önləyici səmərəli tədbirlərin görülməsi nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında zavodun istehsalat fəaliyyəti zamanı ətraf mühitə dəyən mənfi təsir xeyli azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə